“Direktorluğa layiq olmayanlar məktəblərə rəhbər təyin edilməməlidir” — Deputat

“Bu gün məktəblərimizdə müəllim və şagird münasibətləri heç də ürəkaçan vəziyyətdə deyil. Son olaylar da bunu bir daha təsdiqləmiş oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, belə məsələlərdə yalnız müəllim günahkar deyil:

“Hesab edirəm ki, müəllim heç bir halda müəllim adına yaraşmayan davranışa yol verməməlidir. Çünki o, öyrədən və tərbiyə verən bir şəxsdir. Tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir. Hesab edirəm ki, məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirilməlidir. Həm profilaktik söhbətlər aparılmalı, həm də maarifləndirmə tədbirləri görülməlidir”.

Deputat diqqətə çatdırıb ki, məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyəyə qaldırılmalıdır:

“Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməlidir. Qaydaları pozduqları zaman isə ciddi cəzalandırılmalıdır. Təcrübəsi yetərli olmayanlar, direktor olmağa layiq olmayanlar məktəblərə rəhbər təyin edilməməlidir”.

Müsahibimiz əlavə edib ki, müəllimin nüfuzunun qorunması üçün də ciddi işlərin görülməsinə ehtiyac var:

“Onları alçaldan və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bütün müəllimlər şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmalıdır. Çünki şagirdlərə zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə, belə insidentlərin sayı daha çox olacaq. Onu da unutmayaq ki, “Z” ilə “Alfa” nəsli fərqli nəsillərdir”.