Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Paradiqma” ictimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə “Müharibə iştirakçısının hüquqları və onunla bağlı qanunvericilik” adlı yaddaş kitabçası layihəsi çərçivəsində tədbir baş tutub.

Şanlı zəfərimizlə sonlanmış 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə müharibə iştirakçısı statusu almış şəxslərin sayında artım müşahidə olundu. Bu səbəbdən seçilmiş kateqoriya üzrə şəxslərin hüquqları ilə bağlı maarifləndirmə işinin təşkilində yeni mərhələnin açılması zəruriyyəti yarandı. “Paradiqma” ictimai-siyasi tədqiqatlar ictimai birliyi tərəfindən təşkil olunan layihə çərçivəsində müharibə iştirakçısının hüquqlarının tam şəkildə öz əksini tapdığı kitabça hazırlanmışdır.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev və lahiyə rəhbəri Vüqar Məmmədov müharibə iştirakçılarının hüquqları və sosial təminatı ilə bağlı son dövrlər aparılan işlər barəsində iştirakçılara məlumat verib və bu yeniliklərin hər birinin kitabçada öz əksini tapmasını vurğulayıb.

Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirdə çıxış edən digər natiqlər də, son dövrlərdə ölkəmizdə aparılan sosial siyasətin müstəsna hissəsi olan müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıblar.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmişdir.