Dövlət qulluğuna vakant yerlər elan edildi

03

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) noyabrın 5-dən 10 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edir.
Komissiyadan AzərTAc-a bildirmişlər ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 5-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, 27-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarətdir. Azərbaycan Respublikasının müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaqdır.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait DQMK-nın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaqdır.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.
Müsabiqəyə dair ətraflı məlumat 2013-cü il 5 noyabr tarixindən Komissiyanın rəsmi internet saytında – www.dqmk.az və “Respublika” qəzetinin həmin tarixli sayında veriləcəkdir.
Oktyabrın 4-də 75 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 590 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu noyabrın 4-də saat 18:00-da başa çatmışdır.
Oktyabrın 25-də 19 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə noyabrın 25-də saat 18:00-da bitəcəkdir.