Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə elan olunub

 

55

Xalq.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2013-cü il 4 oktyabr tarixindən 79 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 539 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 447-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 85-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəməsindədir.

“Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

  1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə 15 test tapşırığı;

2.         qanunvericilik sahəsində                                               – 40 test tapşırığı;

3.         informasiya texnologiyaları sahəsində                           – 15 test tapşırığı;

4.         məntiqi düşünmə qabiliyyəti sahəsində                          – 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində Komissiyanın internet saytında yerləşdirilmiş elektron onlayn müraciət formasını doldurmaqla və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Qeyd edilən şəxslər sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 4 oktyabr 2013-cü il tarixli sayında və 4 oktyabr 2013-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında –www.dqmk.az verilmişdir.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77 yer), Dövlət Statistika Komitəsi (73 yer), Sənaye və Energetika Nazirliyinin (46 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Şəki Apellyasiya Məhkəməsi (11 yer) və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (7 yer) payına düşür.