“Dövlətimizin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə ABŞ-ın dövlət başçısı yüksək qiymət verir”

Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Biz bunu dünyanın aparıcı dövlətlərinin, o cümlədən Birləşmiş Ştatların rəhbərliyinin ölkəmizə münasibətində də açıq şəkildə müşahidə edirik. Elə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda əksini tapan fikirlər də deyilənləri bir daha təsdiqləyir.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Prezident Donald Tramp sözügedən məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir. “Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrə və dövlətimizin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə ABŞ-ın dövlət başçısı tərəfindən verilən yüksək qiymətdir və belə qiymətin verilməsi heç də təsadüfi deyil. Çünki bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol bütün dünyaya məlumdur. Heç kimə sirr deyil ki, ölkəmiz beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir və bu istiqamətlərdə həyata keçirilən işlərə öz töhfələrini verir. Təbii ki, bu məqamda Avropanın enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasını da diqqətdən qaçırmaq olmaz”, – deyə Milli Məclisin deputatı əlavə edib.

Vüqar İskəndərov bildirib ki, Donald Trampın məktubunun Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlaması heç də təsadüfi deyil. Məlum olduğu kimi, beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir. Bu baxımdan Prezident Trampın məktubunda əksini tapan bu məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Trampın ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləməsi fikri həm də Birləşmiş Ştatların ölkəmizin ərazi bütövlüyünə dəstək mesajı kimi dəyərləndirilməlidir. Bundan başqa, məktubda əksini tapan “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik” fikri də diqqətdən yayınmamalıdır. Görünən odur ki, Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ danışıqlara dəstək ifadə etməklə Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Həmçinin bununla münaqişənin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilir ki, bu da Azərbaycanın tarixi torpaqlarının hərbi işğalının qəbuledilməzliyi və Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı növbəti tələb kimi dəyərləndirilə bilər”, – deyə deputat bildirib.