“Dünyanın baş verənlərə sükutu sadəcə, təəssüf doğurur”- Rəşad Mahmudov

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən zorakılıq ifadə azadlığına idbar formada təzyiq idi. Əslində, öz xalqına və vətəndaşına qarşı geniş repressiya, qeyri-insani rəftar nümayiş etdirən rəsmi Parisdən digər xalqların nümayəndələrinə, xüsusilə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə isti münasibət gözləmək böyük sadəlövhlük olardı.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib. Deputat söyləyib ki, Prezident Makronun şəxsində bu ölkə ədalət və demokratik prinsipləri ayaqlar altına atmaqla nümayişkaranə şəkildə beynəlxalq hüququ ayaq altında tapdalamaqla məşğuldur. Əlcəzairdə, eləcə də digər ölkələrdə insanlığa qarşı xüsusi qəddar münasibət və soyqırımı törədərək vəhşiliyini dünyaya bəyan edən Fransa öz vətəndaşlarına qarşı da eyni addımı atmaqla, əsl mahiyyətini bir daha nümayiş etdirdi. Deməli, problem rəsmi Parisin dövlət siyasətidir.

Sual yaranır, necə ola bilər ki, haqlı tələbləri ilə küçələrə axışan vətəndaşlarını dəyənək altında əzən Fransa hansı məntiqlə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik yaratmaq iddiasındadır, yaxud hansı üzlə barış istəyir? Aydın məsələdir ki, Qarabağ probleminin sülh yolu ilə ədalətli həllini həmsədr ölkələrdən biri kimi üzərinə götürmüş Fransa bir qərinə ərzində suyu bulandırmaqla məşğul oldu. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Fransa sülhyaratma ilə deyil, işğalı əbədiləşdirmək yolu ilə gedirdi.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin komandanlığı altında müzəffər ordumuz Qarabağı işğaldan azad etməklə təkcə Ermənistana deyil, eləcə də Fransaya yerini göstərmiş oldu.

Son proseslər onu diktə edir ki, bölgədə sülhün təminatçısı yalnız Azərbaycan lideridir və ölkəmizin başçısının buna da nail olacağı şübhə doğurmur. Çünki sülh yaratmaq Fransanın bacara biləcəyi məsələ deyil. Fransa yalnız öldürməyi yaxşı bacarır. Fransanın utancverici tarixi, vəhşiliyi bu gün Paris küçələrində aydın şəkildə görünür. Baş verən geniş aksiyalara qarşı kütləvi polis zorakılığı ilə rəsmi Paris öz vətəndaşlarının sifətinə ayaq basıb keçməklə sabitliyə nail olmağa çalışır. Dünyanın baş verənlərə sükutu isə sadəcə, təəssüf doğurur.