“Ölkəmizin müstəqilliyinin ilk illərində polisin üzərinə daha ağır yük düşüb” – Əliməmməd Nuriyev

İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 105 il ötür. Bu əlamətdar tarixin qeyd olunması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezidentliyi dövründə daxili işlər orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü kimi elan olunub. Ötən 105 ildə Azərbaycan Polisi şərəfli, keşməkeşli və zəngin xidmət yolu keçib, dəyərli ənənələr yaradıb. Xüsusən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daxili işlər orqanlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunub, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində mühüm işlər görülüb.

Bu barədə  Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Azərbaycan Polisinin əsas vəzifəsi ictimai qaydaların qorunması, eyni zamanda, ölkəni xarici müdaxilələrdən müdafiə etmək və cinayətkarlığa qarşı mübarizə olub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə seçilib. Ümumi Liderin hakimiyyətə gəlişinin birinci dövründə, xüsusilə də 1960-cı illərin sonundan başlayaraq polisin həyatında yeni dönəm başlayıb. Nəhayət, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağda separatçı qüvvələrin gücləndiyi, vətəndaş müharibəsinin müşahidə olunduğu və ölkəmizin müstəqilliyinin ilk illərində polisin üzərinə daha ağır yük düşüb. Azərbaycan Polisi həmin dövrdə də çox böyük fədakarlıq nümayiş etdirərək separatçıların və bəzi ərazilərdə erməni terrorçularının fəaliyyətinin qarşısını aldı. Birinci Qarabağ savaşında Azərbaycan Polisi ön cəbhədə savaşdı və 1700-ə yaxın polis əməkdaşı Vətən uğrunda şəhid oldu. Həmin dövrdə sərhədlərimizin qorunması zamanı xüsusi xidmətləri ilə seçilən çoxsaylı polis əməkdaşları, Daxili Qoşunların əsgər və zabitləri fəxri adlara, orden və medallara layiq görüldü. Hətta bəzilərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışı dövründə də polisin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə Azərbaycan Polisi ölkəmizdəki qanunsuz silahlı birləşmələrin, bir çox cinayətlərin, o cümlədən ölkə rəhbərliyinə qarşı sui-qəsdlərin qarşısını aldı. Həmçinin dahi şəxsiyyətin qətiyyətli siyasəti sayəsində polis sıraları cinayətkarlardan təmizləndi. Sonrakı dövrlərdə cinayətkarlığa qarşı mübarizədə yeni alət və vasitələrdən istifadə olundu, daxili işlər orqanları strukturunun təkmilləşdirilməsi istiqamətində önəmli işlər görüldü. Bu sahədə qanunvericiliyin bazası təkmilləşdirildi, Daxili Qoşunlar haqqında yeni qanunlar qəbul olundu.

İctimai Şuranın sədri Azərbaycan Polisinin Vətən müharibəsində Ordumuzun tarixi Qələbə qazanmasında da mühüm rol oynadığını diqqətə çatdırıb: “Daxili işlər orqanlarının əməkdaşları haqq savaşımızda da böyük şücaət və qəhrəmanlıq göstərdilər. İkinci Qarabağ müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb”.

Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkədə mövcud olan möhkəm ictimai-siyasi sabitliyin qorunmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Ümumiyyətlə, 44 günlük müharibədən sonra polisin qarşısında yeni vəzifələr qoyulub. Bu, işğaldan azad olunan ərazilərdə polis qurumlarının sistemli şəkildə yaradılması, ölkəmizin xarici təxribatlardan qorunması ilə başlandı.

Bildirilib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Digər tərəfdən polis bu gün tamamilə yeni çağırışlarla qarşılaşıb. Aparılan müxtəlif əməliyyatlar nəticəsində 20 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən onların qarşısının alınmasında vətəndaşların iştirakı ilə və məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatlar keçirilib. Xüsusilə də narkobaronların, narkotacirlərin cinayətkar əməllərinin qarşısının alınması davam edir. İran dövlət səviyyəsində Azərbaycana “ağ ölüm”ü ixrac edir. Bu prosesin qarşısını alınmasında polis müstəsna xidmətləri ilə seçilir. Yəni bu zaman İKT-nin imkanları geniş tətbiq edilir. Eyni zamanda polis əməkdaşlarımız müxtəlif ölkələrin, o cümlədən İranın xüsusi xidmət orqanlarının və onların əlaltılarının Azərbaycanda təxribat xarakterli əməllərinin qarşısının alınmasında əhəmiyyətli rol oynayırlar.

“Bu gün polis digər hüquq-mühafizə orqanları ilə birgə yüksək səviyyədə koordinasiyalı fəaliyyət göstərir. Daxili işlər orqanları Dövlət Təhlükəsizlik Xidməti ilə çox sıx əməkdaşlıq edir. Hazırkı şəraitdə yeni təhdidlərin qarşısının alınması üçün müasir çağırışlara cavab verən vasitələrdən, innovativ üsullardan geniş istifadə olunur. Digər tərəfdən insan alverinə, mütəşəkkil cinayətkar qruplara qarşı mübarizədə polisin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Yeri gəlmişkən, son 20 ildə cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub. Statistik rəqəmlər göstərir ki, Azərbaycan Polisi peşəkarlığına görə bir sıra ölkələrin təhlükəsizlik orqanlarını da üstələyir. Ağır və xüsusilə ağır cinayətlərin 85,3 faizinin, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2 faizinin üstü açılıb. Bu isə bu sahədə çox yüksək nailiyyətlərdir. Eyni zamanda ictimai asayişin qorunmasında polis əməkdaşları əvəzsiz rol oynayır”, – deyə Ə.Nuriyev əlavə edib.