“Düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib” Deputat Emin Hacıyeva

Noyabrın 20-də Ağdam, noyabrın 25–də isə Kəlbəcər rayonu bir güllə belə atılmadan və şəhid vermədən işğaldan azad edildi. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutacaq. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə bəyanata uyğun olaraq bu rayonlarımızın qrafik üzrə azad olunması bizim böyük siyasi uğurumuzdur. Bütün bunları şərtləndirən əsas amil bizim düşmən üzərində möhtəşəm Qələbə çalaraq onu kapitulyasiyaya məcbur etməyimizdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev bildirib.

Deputat qeyd edib ki, hərbi zəfərimiz olmasaydı, bu siyasi qələbəmiz də mümkün olmazdı. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”. Beləliklə, Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə Qələbə qazandı.

“Bu gün Azərbaycana böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycan Ermənistanın 30 il davam edən bütün bu işğalçılıq siyasətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi” – deyən E.Hacıyev qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması, həmçinin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin olunması deməkdir.

O, işğaldan sonra ərazidə qeyri-qanuni məskunlaşdırılan ermənilərin Kəlbəcəri təhlükəsiz şəkildə tərk etməsi, bütün əşyalarını götürməsi üçün lazımi şərait yaradıldığını bildirib. Hansı ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman azərbaycanlılar öz yurd-yuvalarından ayaqyalın qovulmuş, zorakılıqlara məruz qalmış, onlar arasında həlak olan, yaralanan, itkin düşənlər olmuşdu. Budur Azərbaycan və Ermənistan arasındakı daha bir fərq. Məlumdur ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri, meşələri yandırıb, suları çirkləndirərək ekoloji terror törədiblər. Həmçinin düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib. Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərindəki mənzərəni, erməni vandallığını görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədir. Lakin onlar unudurlar ki, Azərbaycan multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlərlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir.

“Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı təbrik çıxışında Kəlbəcərdə, eləcə də işğaldan azad edilən başqa rayonlarda quruculuq-bərpa işlərinin anonsunu verdi. Kəlbəcərin təbii sərvətləri xalqımıza, rayonun iqtisadiyyatının dirçəlməsinə, turizmin inkişafına xidmət edəcək. 24 min hektarlıq meşə fondu daha qiymətli ağaclarla zənginləşdiriləcək. Yollar çəkiləcək, yeni yaşayış massivləri salınacaq. Kəlbəcər ərazisi həm şirin, həm də mineral su ehtiyatları ilə zəngindir. Tərtər çayı, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Emin Hacıyev qeyd edib ki, Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri dağçılığın inkişaf etdirilməsinə imkan verəcək. Eyni zamanda, Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı da var.

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək: “Bizim orada böyük otlaq sahələrimiz var”. Nəhayət, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 – Ağyataq, Levça, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları var. Eyni zamanda, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı var. Bütün bunlar o deməkdir ki, Kəlbəcər iqtisadi inkişaf baxımından ən münasib ərazilərdən biridir.

Deputat bildirib ki, 44 gün davam edən müharibə tarixi ədalətin bərpa olunması ilə nəticələndi. Ermənistan məğlub, Azərbaycan isə bütün müstəvilərdə qalib. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!