“Ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi bütövlükdə insan cəmiyyəti üçün gərəklidir” – Deputat

Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, ekoloji problemlərin həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir.

Bu istiqamətdə qəbul edilmiş proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.

Bu gün bütün dünya üçün ən vacib, ən prioritet məsələlərdən biri, hətta birincisi ekogiyanın və ətraf mühitin qorunması hesab olunur. Ona görə ki, ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi bütövlükdə insan cəmiyyəti üçün gərəklidir. Yer üzünün bütün insanlarına birinci növbədə təsir edən məhz ekoloi problemlərdir və bu problemlər artdıqca nəticə etibarı ilə ekoloi böhrana səbəb ola bilər.

Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekoloji böhranın bilavasitə səbəbi dar düşüncə ilə qazanc dalınca qaçmaqdır. Bu, o deməkdir ki, qazanc naminə təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir, məhsulun maya dəyəri mühitin çirklənməsi hesabına aşağı salınır. Ən doğru yol ondan ibarətdir ki, iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalıdır, qazanc qanunları ilə yox. Yəni, iqtisadiyyat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurulmalıdır.

Hazərda dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ məhz ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinə daxil edilmək yollarını müəyyən etməkdir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcək, nəticədə çirklənmə dərəcəsi artmaqda davam edəcəkdir. Üstəlik, təbii sərvətlərin, təbii ehtiyatların əldə edilməsi zamanı mütləq şəkildə bunun ekosistemə zərər vurub-vurmadığı araşdırılmalı, nəticələrə uyğun olaraq istifadə qaydaları müəyyən edilməlidir.

Azərbaycanda həyata keçirilən ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasında ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların rasional istifadəsi və bərpası, ekoloji təhlükəsizliyin təmin olunması əsas hədəf kimi müəyyənləşdirilib. Son illər həmin istiqamətdə həyata keçirilən ekoloji layihələr də bunu aydın göstərir. Lakin təəssüf ki, bəzən ekologiyaya ziyan vuran hallara da rast gəlinir. Bu baxımdan, ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməli, ətraf mühitin qorunmasında, ekosistemin sabit saxlanılmasında ilk növbədə maraqlı olmalıdırlar.

 

Əminə Ağzadə,

Millət vəkili