Ekspert: “Telefon qadağası vacibdir”

“Məktəblərdə telefon qadağası vacibdir. Çünki, aşağı nəticə göstərən abituriyentlərin sayı getdikcə artır. Bunun da səbəblərindən biri  mobil telefonlardan istifadədir. Şagirdlər mobil telefondan istifadə etdikcə dərs çalışmalarına, hazırlıqlara vaxt sərf edə bilmirlər və nəticə etibarilə bu onların təhsil göstəricilərinə təsir etmiş olur”.

Bunu   təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert əlavə edib:

“Bu fakt təkcə məktəbləri əhatə etmir, universitet tələbələrinin akademik göstəricilərinə də mobil telefonlardan istifadənin təsiri olur. Biz tələbələrə bunu qadağan edə bilmərik, amma şagirdlərə məktəbdə telefondan istifadə edilməsi, məktəbə telefon  gətirilməsini qadağan edə bilərik. Bəziləri bunu insan hüquq və azadlıqlarının qarşısının alınması kimi dəyərləndirir, amma bizim məqsədimiz ideal cəmiyyət, şəxsiyyət formalaşdırmaqdırsa bu kimi amilləri mütləq diqqətdə saxlamalıyıq. Əgər bu gün şagird dərsin gedişatında hər hansı bir fənnə qulaq asmır, onun əvəzində mobil telefonda hər hansı bir video izləyir və yaxud da müəyyən bir oyun oynayırsa, təbii ki, bu bizim üçün arzuolunan bir fakt deyil. Bu gün bir milyon altı yüz min şagird  təhsil alır və demək olar ki, birinci sinifdən on birinci sinifə qədər hər biri mobil telefondan istifadə edir. Son dövrlər valideyinlər övladlarına ən bahalı telefonları alıb verirlər və sonra nəticə zəif olanda bunun səbəbini məktəbdə axtarırlar. Təbii ki, biz övladımıza ən bahalı telefonu alıb vermişiksə o uşaq ideal nəticə göstərə bilməyəcək. İstisnalar da var, təbii ki, kimdəsə telefon var o demək deyil ki, bütün günü ancaq telefondan istifadə edir, telefonla oynayır. Yəni, elə abituriyentlər var ki, qədərində, ona lazım olan səviyyədə telefondan istifadə edir. Ümumilikdə götürsək biz cəmiyyət olaraq mobil telefonlardan təyinatı üzrə istifadə etmirik, telefondan hər bir vasitə kimi istifadə edirik. Mən hesab edirəm ki, məktəblərdə şagirdlərə ən azı dərsin gedişatında telefon qadağası mütləq vacibdir”.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə  bildirib ki, məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. Nazir bildirib ki, şagird məktəbə telefon gətirə bilər. Sadəcə şagird həmin telefondan dərs prosesində istifadə etməməlidir.