Elçin Əmirbəyov “Deutsche Welle”yə eksklüziv müsahibə verib

“Hazırda Laçın yolu ətrafında yaranmış vəziyyətin yeganə günahkarı həm Azərbaycan ərazisindəki separatçı rejimə göz yuman Ermənistan, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardımdan məhrum etməklə erməni əhalisini faktiki olaraq girov saxlayan separatçıların özləridirlər”.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”yə (DW) eksklüziv müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, separatçılar erməni sakinlərə Azərbaycandan və Azərbaycan vasitəsilə humanitar yardım almağı qadağan edirlər.

Dövlət başçısının nümayəndəsi izah edib ki, Ermənistan tərəfi bəzi anlaşılmaz ilkin şərtlər irəli sürür, vəziyyəti siyasiləşdirir, ən əsası isə Ermənistan və separatçılar dünya ictimaiyyətinin diqqətini hazırda az qala dalana dirəndikləri əsas sülh prosesindən yayındırmağa çalışırlar.

“Bu məsələni həll etməyin yalnız bir yolu var. Bütün dünya separatçılara təzyiq göstərməlidir ki, onlar nəhayət regionda yaranmış yeni reallığı və Azərbaycanın dəfələrlə səsləndirdiyi ağlabatan təklifi qəbul etsinlər – humanitar və digər zəruri malların çatdırılması üçün hər iki yoldan (Ağdam-Xankəndi və Laçın) istifadə olunsun. Hazırda onların bundan imtina etməsi vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını göstərir”, – deyə E.Əmirbəyov sözlərini yekunlaşdırıb.