“Türkiyə-Türk Dünyasının Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli”

Bu gün Ankarada Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədəki Azərbaycan İş İnsanları Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiyə-Türk Dünyasının Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə “Şeraton” oteldə baş tutan konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış “Heydər Əliyevin 100” və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, professor Sudeif İmamverdiyev və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin rəhbəri Elşən Quliyevin salamlama nitqinin ardınca konfransın çıxışlar hissəsinə keçid alınıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Azərbaycan – Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında ulu öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edərək Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslərin taclandırıldığını vurğulayıb. Türkiyə parlamentinin sədri onu da qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ürəkaçan səviyyəsi Türkiyə yüz ilinə böyük töhfədir, həmçinin türk dünyasının yeni yüz ilinin başlanmasının da təməlini qoyur.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müvini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb.

Milliyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydın da çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib.

Daha sonra çıxış edən Azərbaycan parlamentinin Səhiyyə komissiyasının sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA Akademiyasının dorektoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin Bütün türk dünyasına nümunə olduğunu qeyd edərək prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.

Konfransda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, AK Parti sədrinin birinci müvini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.