Elman Nəsirov: “Türkiyə bu prosesdə ən fəal oyunçulardan biri və söz sahibidir”

Ərdoğanın Azərbaycana səfəri regionda sülhün və təhlükəsizlik mühitinin formalaşması prosesinə ciddi töfhə verəcək.

E.Nəsirov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri öncədən planlaşdırılmışdı.

“O, hətta prezident seçkilərində qalib gələcəyi təqdirdə ilk dövlət səfərini məhz Azərbaycana edəcəyini öncədən bildirmişdi. Bu bir daha Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olmasını göstərir. Heç bir qüvvə bizim dostluğumuza və qardaşlığımıza xələl gətirə bilməz. Bu görüş bütün dünyaya Azərbaycan -Türkiyə daim bir-birlərinin yanında olmasına dair bir mesajdır. Kimlər ki, Azərbaycan əleyhinə qara, çirkli oyunlar həyata keçirmək istəyir, bunu bilsinlər ki, Türkiyə Azərbaycanın yanındadır. O Türkiyə ki, bu gün NATO-da ikinci güc mərkəzidir”, – deyə millət vəkili deyib.

O qeyd edib ki, bu səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı çox ciddi müzakirə ediləcəyi gözlənilir.

“Türkiyə bu prosesdə ən fəal oyunçulardan biri və söz sahibidir. İnanırıq ki, qardaş Türkiyə dövlətinin prezidenti cənab Ərdoğanın Azərbaycana bu səfəri regionda çoxdan gözlənilən uzunmüddətli sülhün və təhlükəsizlik mühitinin formalaşması prosesinə ciddi töfhə verəcək”,, – deyə o vurğulayıb.