Elşad Həsənov şəhidimizin məzarın ziyarət etdi

İkinci fəxri xiyabanda 5 mart 2023-cü il tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuş XTQ baş leytenantı Əlibəyli Şəhriyar Ramiz oğlunun şəhadətinin birinci il dönümündə məzarı ziyarət olunub.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Əlibəyli Şəhriyar Ramiz oğlu sağlığında “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, şəhadətindən sonra isə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!