Əminə Ağazadə bu qanun layihəsində dəyişiklik barədə Milli Məclisin iclasında təqdim etdi
Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib.
Millət vəkili bildirib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə isə, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi nəzərdə tutulur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.