Korrupsiyaya qarşı mübarizə haqqında qanun təkmilləşdirilir
Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. İclasda gündəliyə daxil olan məsələdə Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
O, qanunvericilik təşəbbüsü subyektinin sənədə yeni bir maddənin əlavə edilməsi təklifi ilə çıxış etdiyini deyib. Qeyd edilib ki, Qanuna 8-1.3.5-ci maddəsinin əlavə edilməsi tövsiyə olunur. Bu maddədə korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən dövlət maliyyə nəzarəti tədbirlərinin, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin, yaxud məcburi və ya könüllü auditin nəticələri barədə məlumatların nəzərə alınması təsbit edilir.
Sənədlə bağlı müzakirələrdə deputatlar Vüqar Bayramov, Kamal Cəfərov öz fikir və təkliflərini açıqlayıblar. Komitə sədri Arzu Nağıyev səsləndirilən fikirlərə münasibət bildirib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.