“Ermənistan bu cür davranışlarıyla özünü daha çətin duruma salır” – Deputat

Azərbaycan Vətən müharibəsində tarixi zəfərdən sonra regionda sülh gündəliyini müəyyən edib və Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın dəqiq mövqeyini bir daha dünya ictmaiyyətinin diqqətinə çatdırdı.

Bunu  Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, həm Qarabağda yaşayan ermənilər, həm Ermənistan hökuməti və revanşist qüvvələr, eyni zamanda, Ermənistanın havadarları Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı və düzgün seçim etməlidir.

“Azərbaycanın mövqeyi dəqiq və prinsipialdır, dövlətimiz heç bir halda güzəştə getmək niyyətində deyil. Azərbaycan Vətən mühariəsində tarixi zəfərini diplomatik müstəvidə də davam etdirir və indiyə qədər qarşıya qoyduğu hədəflərə uğurla nail olub və bundan sonra da öz qətiyyətli mövqeyini davam etdirəcək. Zaman da göstərdi ki, hər hansı bir təxribatla və başqa qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Eyni zamanda Ermənistanın hər bir təxribatına layiqli cavab verilib və bundan sonra da veriləcək”, – deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, Ermənistanın 30 illik işğal ərzində Azərbaycan ərazilərini xarabalığa çevirməsinə baxmayaraq, ölkəmiz qalib ölkə kimi humanistlik nümayiş etdirərək Ermənistana sülh təklif edir və bu sülh sazişinin dəqiq prinsiplərini qarşı tərəfə təqdim edib.

“Ermənistan hələ də Azərbaycanın təşəbbüsünə adekvat cavab verməyərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq təxribatlara belə əl atmaqdan çəkinmir. Lakin bu cür davranışlarıyla özünü daha çətin duruma salır. Görünür Ermənistan hökuməti hələ də ya bu durumu anlamır və ya bilərəkdən ölkəni uçuruma sürükləyir. Prezident İlham Əliyev müsahibəsində bəyan etdi ki, “Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır”. Bəli, hazırki vəziyyət Ermənistanın əleyhinə işləyir və Ermənistan nə qədər tez nəticə çıxarsa onun üçün o qədər yaxşı olar”, – deyə deputat fikirlərini yekunlaşdırıb.