Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa cəsarət edə bilməz

05

 

Qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınması istiqamətində Ermənistanın hər hansı bir addım atmağa cəsarət edəcəyinə inanmıram”. Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva Ermənistanın “İrs” Partiyasının parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılacağına dair məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan şou xatirinə “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini parlamentdə müzakirəyə çıxarırıq, çıxaracağıq və ya gündəmə gətiririk kimi addımlar ata bilərlər, amma belə bir qərarı qəbul etmə cəsarəti nümayiş etdirəcəkləri inandırıcı deyil: “Əgər belə bir qərar qəbul olunarsa, Ermənistan özünü beynəlxalq ictimaiyyət qarşısında daha da pis vəziyyətə qoymuş olacaq. Çünki bütün beynəlxalq təşkilatlar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 %-nin işğal etdiyinə dair sənədlər qəbul edib. Bu sənədlərdə Ermənistandan tələb olunur ki, işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri yerinə yetirmədiyi azmış kimi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunu müstəqil dövlət kimi tanıması işğalçı ölkəni daha da pis vəziyyətə sala bilər”.

Q.Paşayeva vurğulayıb ki, Azərbaycanın bu məsələyə reaksiyası çox kəskin və sərt olacaq: “Hələ Ermənistanın bu məsələ ilə bağlı ilk cəhdlərində belə Azərbaycan buna çox sərt reaksiyasını göstərib. Ona görə də belə bir addımın atılması Ermənistan tərəfindən növbəti ağılsızlıq olardı. Çünki Avropa Şurasının 14 və16 saylı qətnamələrində Ermənistanın işğalçı dövlət olduğu açıq şəkildə göstərilib. Buna görə də Ermənistanın belə məsələləri gündəmə gətirməsi şou xarakterlidir”.

Millət vəkili vurğulayıb ki, Ermənistanın bu kimi addımları daxili siyasətə hesablanıb: “Ermənistanın belə addımları daxili siyasətə hesablanmış şoudur. Ermənistan belə bir ağılsızlığı etsə özlərinə daha ağır zərbə vurmuş olacaqlar. Çünki Ermənistan Azərbaycana heç bir zərbə vurmaq iqtidarında deyil. Səbəb isə Azərbaycanın qüdrətli dövlət olması və ərazi bütövlüyünün dünya ölkələri tərəfindən tanımasıdır. Ermənistan belə bir addım atsa belə dünya bunu dəstəkləməyəcək. Qeyd etdiyim kimi bu məsələ sadəcə daxili siyasətə hesablanmış gedişdir”.

Millət vəkili qeyd edib ki, Ermənistanda bu addımı atan siyasətçilər öz xalqlarının, dövlətlərinin bu günlərini və gələcəklərini düşünmürlər: “Belə adamlar siyasi xal qazanmaq üçün ambisiyalarını ortaya qoyublar. Erməni xalqının gələcəyini düşünən siyasətçi bu addımı atmaqdansa, münaqişənin tənzimlənməsi ilə bağlı düşüncə ortaya qoysun. Belə olsa, həmin siyasətçi dövlətinə və xalqına böyük dəstək vermiş olar. Hesab edirəm ki, bu fikri ortaya atanlar dövlətinə və xalqına qarşı olanlardır”.

Qeyd edək ki, Ermənistan parlamentində “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə gələn həftənin çərşənbə axşamı “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir.