“Ermənistan hələ də başqa ölkələrlə düşmənçilik prinsipindən əl çəkmir” – Millət vəkili

Ötən gün parlamentdə Nikol Paşinyan erməni xalqını şoka salmalı olan fikir səsləndirib. Gerbi müzakirə etmək fürsətindən istifadə edən Nikol Paşinyan çıxışında Ağrı dağı və Nuhun gəmisinin erməni xalqına heç bir aidiyyatı olmadığını bildirib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa  bildirib ki, Ermənistan hələ də başqa ölkələrlə düşmənçilik prinsipindən əl çəkmir:

“Ermənistan baş nazirin açıqlamaları onu göstərir ki, Ermənistan başqa ölkələrlə düşmənçilik prinsipindən əl çəkməyən bəlli bir simptomlar yaratmağa çalışır. Hələ Türkiyəyə qarşı ərazi iddiaları, 5 vilayətin Ermənistana aid olduğunu göstərmək, eyni zamanda Türkiyəyə məxsus Ağrı dağının onun gerbində yer alması birbaşa düşmənçilikdir. Bu isə Ermənistan üçün baha başa gələ bilər.

Dəfələrlə Türkiyə tərəfindən də irad bildirilib. Əlbəttə ki, Ermənistan bunlardan əl çəkməsə çətin olacaq. Onlar yenidən müzakirə, mübahisə və bu məsələlərin həlli istiqamətində addımlar atmağa çalışırlar. Bu məsələdə Ermənistan irəliləyiş əldə etməsə, işğalçı dövlət kimi kimsənin etimadını qazana bilməyəcək və hər zaman qonşularla düşmən vəziyyətində olacaq. Hesab edirəm ki, Paşinyan da bu reallığı dərk edərək belə addım atıb”.