“Ermənistan hər zaman separatizmə ciddi dəstək verməklə bölgədə gərginlik yaratmağa çalışıb” – Deputat

Azərbaycanın Zəfər savaşından sonra bölgədə yaranmış geopolitik durum tamamilə ölkəmizin xeyrinə dəyişdi. Həm hərbi, həm də iqtisadi üstünlük rəsmi Bakının diplomatik danışıqlarda mövqeyini gücləndirməklə yanaşı, həm də milli maraqlarımızın qəbul etdirilməsinə böyük dəstək vermiş oldu. 44 günlük müharibə və ondan sonra baş verən hərbi üstünlüyə rəğmən Azərbaycan həm 10 noyabr sazişində, həm də ondan sonra hər zaman münaqişəyə tam son qoyulması, sülh əldə olunması yolunu tutdu. Prezident İlham Əliyevin həm ikitərəfli danışıqlarda, həm də beynəlxalq tədbirlərdə çıxışlarında ortaya qoyduğu mövqe tam humanizmə və sülhün əldə olunmasına yönəldi. Bütün bunlara rəğmən ötən üç il ərzində müharibədəki ağır məğlubiyyətindən dərs götürməyən Ermənistan hər zaman separatizmə ciddi dəstək verməklə bölgədə gərginlik yaratmağa çalışıb.

Bu fikirləri  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyan və erməni siyasi rəhbərliyi Qarabağdakı qanunsuz hərbi birləşməyə dəstək verməklə sülhdən kənar mövqedə olduqlarını ortaya qoyur. Laçın sərhəd-keçid məntəqəsi ətrafında yaradılan beynəlxalq şou, humanitar fəlakət yalanları ilə Azərbaycana qarşı diplomatik hücuma cəhd edən erməni lobbisi BMT Təhlükəsizlik Şurasında rüsvay olduqdan sonra indi də hərbi təxribatlara əl atıb.

Son günlər həm sərhəd bölgəsində, həm də Qarabağda baş verənlər onu göstərir ki, rəsmi İrəvan yenə də hansısa havadarlarına güvənərək xam xəyallara qapılıb. Xarici ölkələrdən hərbi yardım, Fransa kimi beynəlxalq arenada nüfuzunu itirmiş dövlətin siyasi dəstəyinə güvənən erməni siyasi rəhbərliyi yanlış hesablamalarla yenidən bölgədə müharibə ab-havası yaradır. Erməni xalqını açıq şəkildə fəlakətə sürükləyən bu siyasət üç il öncə “Dəmir yumuruq”la ciddi şəkildə cəzalandırılsa belə, görünür bu, onlara dərs olmayıb.

O zaman da xarici havadarlarına güvənərək Şuşada, Kəlbəcərdə, Laçında yallı gedib məsuliyyətsiz bəyanatlar verən erməni siyasi-hərbi rəhbərliyi 10 noyabrda utancverici durumlarını bu dəfə bütövlükdə erməni xalqına yaşatmaq yolunu tutub.

Reallıq onu göstərir ki, bu gün bölgədə Azərbaycanın maraqlarına qarşı çıxmaq siyasi intihar sayıla bilər və Paşinyan bu intiharın əsasını qoyur. Xankəndidə keçirilən və beynəlxalq aləmdə təpki ilə qarşılanan qondarma “prezident seçkiləri” onu bir daha sübut etdi ki, rəsmi İrəvan nə etdiyinin fərqində deyil.

Ermənistanın baş naziri nəzərə almır ki, Azərbaycan dünyanın ən böyük dövlətləri və beynəlxalq birlikləri ilə iqtisadi baxımdan strateji müttəfiqdir və bölgədə öz vətəndaşının minimal sosial problemini belə həll edə bilməyən Ermənistan ancaq oyuncaq ölkə kimi kimlərinsə müvəqqəti istifadəsində ola bilər.

Deputat sonda qeyd edib ki, əvəzində isə müstəqil siyasəti ilə qüdrətli Azərbaycan beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir və onun lideri qarşıya qoyulan məqsədə doğru durmadan irəliləyir. Bu gücün qarşısına separatçılıq və sülhdənqaçmanın bədəli qarşı tərəf üçün çox ağır olacaq.

Çünki dünya siyasi arenasında sözünü yerinə yetirən lider kimi tanınan və təqdir olunan Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Azərbaycandır!” həqiqətini ölkəmizin düşmənlərinə belə qəbul etdirmək gücündə olduğunu təsdiq edib.

Düşünürəm, regionda gərginlik yaratmaq əvəzinə, Ermənistan bu həqiqəti birdəfəlik qəbul etməlidir.