“Ermənistan indi dilemma qarşısındadır”-Deputat

“Ermənistan sərhəd təxribatına böyük ümidlərlə yanaşırdı”. Bu sözləri açıqlamasında Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan hesab edirdi ki, hər iki tərəfdə olan xəritə əsasında sərhəd mühafizəsinin gücləndirilməsi tədbirlərini müdaxilə kimi qələmə verib, Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoya biləcək: “Hətta bu məsələdə və ermənilərə kömək üçün Fransa və Parisin peyk dövlətlərinin təbliğat maşını da hazır idi və proses başlanan kimi dərhal da aktivləşdilər. Bu əslində həm də Paşinyanın seçki ərəfəsi siyasi nüfuzunun yüksəldilməsi üçün bir şans idi. Lakin, nəticə gözlənilən kimi olmadı. Azərbaycan korrekt, təsirli addımlarla bu planı neytrallaşdırdı. Nəticədə son ümidini də itirən Ermənistan indi dilemma qarşısındadır. Erməni iqtidarı artıq Azərbaycanla əməkdaşlığın zəruriliyini dərk edir, zamanında təcavüzkar təbliğatla zəhərlənmiş erməni xalqı isə sülh və əməkdaşlıq ideyasına şübhə ilə yanaşır. Çünki dünənə qədər Ermənistan hakimiyyəti xalqa dənizdən-dənizə böyük Ermənistan, yeni müharibə və yeni ərazilər vəd edirdi”.

Deputat həmçinin qeyd edib ki, 44 günlük müharibədəki məğlubiyyət erməni cəmiyyətinin arzularını alt-üst etdi: “Hazırda nə Ermənistanın müvəqqəti iqtidar komandasının nə də müxalifətin hakimiyyətə gəlmək üçün vəd verəcəyi bir şey yoxdur. Bu mənada Ermənistanda kütləvi istefalar gözləniləndir və daha da intensivləşəcək. Çox güman ki, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq Ermənistanda siyasi böhran hələ uzun müddət davam edəcək, prosesin sabitləşməsi isə Azərbaycanla münasibətlərin normallaşmasından birbaşa asılıdır. İndi Ermənistan dövlətinin və erməni xalqının səhvlərini başa düşüb etiraf edən, öz 30 illik təcavüzkar mahiyyətlərinə görə üzr istəyib təzminat verməyə hazır olduğunu bəyan edən və Azərbaycanın sülh və əməkdaşlıq niyyətinin onlar üçün şans olduğunu aşkar formada qəbul edən praqmatik liderə ehtiyacı var. Yalnız belə bir komanda erməniləri siyasi böhrandan və vətəndaş müharibəsindən xilas edə bilər”.