Ermənistan özünə böyük fəlakət yaradır

Müsahibimiz millət vəkili Cavid Osmanovdur

– N.Paşinyanın Parisə rəsmi səfəri zamanı keçirilən birgə mətbuat konfransında Fransa prezidenti Makron Azərbaycana qarşı beynəlxalq hüquq normalarına zidd olan açıqlamalar verdi. Sizcə, Makronun ölkəmizə qarşı qərəzi nədən irəli gəlir?

– N.Paşinyanın Fransaya səfəri zamanı Fransa prezidenti E.Makronla səsləndirdiyi fikirlər açıq şəkildə bir daha qərəzli olduğu hər kəsə məlum oldu. Bu, birinci dəfə deyil. İstər Vətən müharibəsi dövründə, istər ondan sonrakı dövrdə Fransa prezidentinin açıq şəkildə Ermənistana dəstək verməsi və böyük bir sevgisinin olmasının biz şahidi olmuşuq. Bu da qəbuledilməzdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Hələ bu günə qədər Fransa BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində əks olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı heç bir fikir səsləndirməyib. Əksinə Vətən müharibəsində və ondan sonrakı dövrdə birmənalı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və Ermənistanın yanında olduğunu nümayiş etdirib.

– Makron iddia edir ki, guya Azərbaycanda hərbi əsirlər var. Sizcə, Makron nədən erməni terrorçularını hərbi əsir kimi təqdim etməyə çalışır?

– Mətbuat konfransında Fransa prezidentinin səsləndirdiyi fikirlər əlbəttə qəbul edilməzdir. Birincisi, Azərbaycanda hər hansı bir hərbi əsr yoxdur. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanata uyğun olaraq münaqişə sona çatıb. Artıq Azərbaycan münaqişənin sona çatması ilə bağlı səhifəni bağlayıb və yeni əməkdaşlıq platforması çərçivəsindən, sülh müqaviləsinin imzalanması istiqamətindən çıxış edir. Ermənistan isə fərqli mövqe nümayiş etdirir. Ermənistan 26 noyabr 2020-ci il tarixdə, o cümlədən 27 may 2021-ci il tarixdə Azərbaycan ərazilərinə kəşfiyyat-diversiya qruplarını göndərərək növbəti terror aktlarının həyata keçirməyə cəhdlər göstərib. Ancaq Azərbaycan hüquq-mühafizə orqanları həmin terrorçuları həbs etdi. Bunlar Azərbaycan ərazilərində terror törətmək üçün girmişdilər və bunun da qarşısı Azərbaycan müdafiə orqanları tərəfindən qətiyyətlə alınmışdır. İkincisi, hərbi əsirlər hamının hamıya dəyişdirilməsi prosesi artıq başa çatıb. Bununla yanaşı, Azərbaycan tərəfi 1600-ə yaxın erməni cəsədinin Rusiya sülhməramlılarının kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin üzvlərinin iştirakı ilə erməni tərəfin təhvil verib. Azərbaycanda hər hansı bir hərbi əsr qalmayıb.

– Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edərkən, Ermənistan tərəfi hay-küy qaldırır. Bunu hər hansı əsası varmı?

– Sərhədlərin dəqiqləşdirilməsinə Azərbaycan tərəfi hər zaman hazırdır. Bu gün Azərbaycan-Ermənistan sərhədlərində delimitasiya işləri aparılır. Ermənistan tərəfi isə yalnız təxribat törətməklə məşğuldur. Yaxşı olardı ki, Fransa prezidenti gözünü açıb nəyin baş verdiyini öz gözü ilə görsün. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq qərəzli ifadələrin işlədilməsi yanlışlıqdır, bundan əl çəkməlidirlər və öz neytrallığını qorumalıdırlar. Amma təəssüf ki, beynəlxalq hüquqa və normalara Fransa prezidenti məhəl qoymur və belə təxribat dolu bəyanatlarla çıxış edir.

– Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməyə cəsarət edə bilərmi?

– Üç ölkə lideri birgə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanat imzalayıb. Bəyanatın şərtlərinə uyğun olaraq, artıq baş nazirlərin müavinləri səviyyəsində işçi qrupları fəaliyyət göstərir. Burada hər hansı formada Fransanın rolunu görmürük. Fransa açıq şəkildə həm Ermənistana dəstək nümayiş etdirir, eyni zamanda regionda mövcudluğunu həyata keçirtmək istəyir, amma, bu mümkün deyil. Çünki, münaqişə artıq başa çatıb. Digər vəzifələr 10 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq həyata keçirilir. Bəyanatın şərtlərinin qismən də olsa pozulması Ermənistan hakimiyyəti və dövləti üçün ağır fəlakətlər yarada bilər.