“Ermənistan müharibə ehtimalından qorxur”- Millət vəkili

“Düşünmürəm ki, hadisələrin inkişaf ssenarisi müharibə ehtimalını da nəzərdə tutur. Çünki xüsusilə bu il baş verən hadisələr tərəflərin yekun sülh müqaviləsinə yaxın olduqlarını göstərir. Həm dövlət başçılarının görüşlərinin intensivliyi, bu görüşlərin nəticələri, həm də beynəlxalq vasitəçilərin, xüsusilə də ABŞ və Avropanın vastəçilik cəhdləri ümid bəsləməyə əsas verir ki, tam sülhə nail olmaq mümkündür”.

Bunu  millət vəkili Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, yeni müharibə Ermənistanın kövrək dövlətçiliyinə son qoya bilər, bu ölkə dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə üz-üzədir və onu idarə edən qüvvələr bu reallığı yaxşı dərk edirlər:

“Fikir vermisinizsə, Ermənistandakı müxalif qüvvələr də xüsusi fəallıq göstərmirlər. Onların baş verənlərə reaksiyası sadə, standart bəyanatlarla yekunlaşır. Yəni erməni müxalifəti də dərk edir ki, çıxılmaz vəziyyətdədirlər və açığı, heç kim, heç bir siyasi qüvvə özünü bu çətin vəziyyətə salıb məsuliyyət altına girməz. Biz Ermənistan rəhbərliyi tərəfindən bir iradənin olduğunu hiss edirik, məsələn, baş nazir Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə gedir, burada Prezident İlham Əliyevlə görüşür. Bunların hamısı sülhə doğru atılan pozitiv addımlardır. Bu baxımdan hesab edirəm ki, yeni müharibə, yaxud hadisələrin müharibə ssenarisi barədə danışmaq üçün yetərincə əsas yoxdur. Həm ortada real sülh danışıqları var, həm də Ermənistan müharibə ehtimalından qorxur. Biz isə ərazi bütövlüyümüzü bərpa edtmişik. Qarşıda bizi ərazilərimizin bərpası və əhalimizin doğma yurduna qayıtması kimi böyük hadisələr gözləyir”.