“Ermənistan rəhbərliyi artıq nə danışdıqlarının belə fərqində deyillər”

Tovuz təxribatından sonra işğalçı erməni rəhbərliyi siyasi isterika ilə məşğuldur. Paşinyanın BBC-yə müsahibəsində də ölkəsinin işğalçı obrazı ətrafında halqanın daraldığı müşahidə olundu. Çünki beynəlxalq ictimaiyyət artıq Ermənistanı işğalçı, terorrora əl atmış, insanlıq əleyhinə cinayət törətmiş bir ölkə kimi qəbul etdi. Bu günlərdə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Arayik Arutinyanın sərsəm bəyanatları məhz onların düşmüş olduqları isterik vəziyyətdən irəli gəlir.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasınnda Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Ordusu düşmənin istənilən təhdid və həmlələrinə qarşı hər zaman layiqli cavab verib: “Bu günlərdə qondarma rejimin rəhbərinin Gəncəni hədəf seçərək sərsəm bəyanat verməsi daxili təlatümdən yaranan bir haldır. Çünki düşmən yaxşı bilir ki, bunun üçün onların elə bir potensialları yoxdur. Eyni zamanda Azərbaycan müasir havadan müdafiə sistemləri ilə təmin edilib. Dövlətimizin təhlükəsizliyi hər hansı oyuncaq qurumların hədəfi olacaq səviyyədə deyil. Azərbaycan regionda güc və söz sahibidir. Hansısa bir oyuncaq və qondarma qrumun rəhbərinin ölkəmizin strateji obyektlərini və şəhərlərini hədəf alaraq daxili auditoryaya hesablanmış isterik bəyanatlar verməsi isə heç bir məntiqə sığmır. Bu adamlar düşünmürmü ki, Qafqazın ən böyük hərbi güc mərkəzi Azərbaycandır”.

Deputat vurğulayıb ki, bu cür axmaq təşəbbüs belə onlar üçün hansı fəlakətlərə səbəb ola bilər, bunu sözsüz bilməmiş deyillər: “Sadəcə olaraq düşmən tərəfi son zamanlar regionda və beynəlxalq müstəvidə düşdükləri çətin psixoloji durumdan çıxış yolları axtarırlar. Bu çıxış yolu isə onların işğal etdikləri Azərbaycan torpaqlarından qeyi-şərtsiz çıxmaları müqabilində mümkün ola bilər. Çünki bu gün Ermənistan iqtisasi-siyasi müstəvidə blokada vəziyyətindədir. Pandemiyanın isə erməni cəmiyyətinə təsirlərindən danışmağa ehtiyac yoxdur. Siyasi oyunlarla insanların etirazını başqa səmtə yönəltməyə çalışan Ermənistan rəhbərliyi artıq nə danışdıqlarının belə fərqində deyillər”.