Deputat beynəlxalq birliyə çağırış etdi

Milli Məclisin deputatı Fatma Yıldırımın Litvanın  nüfuzlu “slaptai.lt” saytında (qəzetində) “Beynəlxalq təşkilatlar “dur!” deməlidir” sərlövhəli məqaləsi dərc olunub.

Üç dildə (litva, rus, ingilis) dərc olunmuş məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin iyul ayının ortalarında Tovuz istiqamətində törədilən hərbi təxribatla bağlı məlumatlar, fikirlər öz əksini tapır.
Məqalədə Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduğu qeyd olunur. Təxribat zamanı Azərbaycan tərəfindən hərbçilərin, o cümlədən 76 yaşlı mülki şəxsin həlak olduğu qeyd edilir.

Deputat öz məqaləsində Litva ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verilir. Qeyd olunur ki, ötən əsrin sonlarından başlayan münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. Münaqişə başlayandan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, yeddi rayonunu da işğal edib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, şəhərlər və kəndlər viran qoyulub. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs elan edilsə də, Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.

Milli Məclisin deputatı Fatma Yıldırım öz məqaləsində beynəlxalq birliyi, o cümlədən Litva ictimaiyyətini Ermənistanın işğalçılıq siyasətini pisləməyə çağırıb.

XALQ.AZ