“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi iflasa uğradı” – Afət Həsənova

Ermənistanın budəfəki yalanı da ifşa olundu, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi iflasa uğradı.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

“Ermənistanın məlum müraciəti əsasında avqustun 16-da BMT Təhlükəsizlik Şurasının təcili iclası Ermənistan üçün acı gerçəklik və ümidlərin puç olması oldu”, – deputat qeyd edib.

O bildirib ki, Ermənistan öz pozuculuq siyasətini həqiqət kimi dünya ictimaiyyətinə təqdim etməyə cəhd etdi.

“Lakin iclas zamanı Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev tərəfindən səsləndirilən faktlar Ermənistanın saxta iddialarını alt-üst etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan Laçın dəhlizi vasitəsilə yüklərin Qarabağ bölgəsində yaşayan mülki ermənilərə çatdırılması üçün lazımi şərait yaratdı. Lakin Ermənistan bu dəhlizdən çirkin məqsədlər üçün istifadə etməyə başladı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən, minaların daşınması üçün istifadə edirdilər ki, bu da regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində basdırılan erməni istehsalı olan minalar da məhz bu yolla qeyri-qanuni daşınıb.

Laçın-Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması isə Azərbaycanın öz suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüquq çərçivəsində həyata keçirildi.

Bununla belə, Azərbaycan Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etdi. Lakin Ermənistan tərəfi bu yoldan istifadədən qəti imtina etməklə, öz çirkin niyyətini ortaya qoydu. Bu bir daha göstərdi ki, əslində, Ermənistanın məqsədi Qarabağda yaşayan sadə erməni sakinləri düşünmək deyil, siyasi şou yaratmaq, öz məkirli planlarını həyata keçirməkdir.

Bu və digər faktlar iclas iştirakçılarının diqqətinə çatdırılmaqla, Ermənistanın növbəti siyasi şousunun qarşısı alındı və erməni yalanı beynəlxalq ictimaiyyət qarşısında bir daha ifşa edildi. Bütün iclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etdi. Bu, Ermənistan üçün fiasko, Ermənistan diplomatiyasının növbəti acı məğlubiyyətidir”, – deyə deputat əlavə edib.