Fərid Şəfiyev: “Ermənistan öz öhdəliyini yerinə yetirməlidir”

“Zəngəzur dəhlizinin açılması daha çox Moskva platformasında müzakirə olunur. Rusiya, Türkiyə və Azərbaycan bu dəhlizin açılmasında maraqlıdır. Hətta, Ermənistanın da niyyətinin olduğu görünməkdədir”.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.

O, bildirib ki, ancaq burada iki mühüm məsələ gündəmdədir.

“Birinci olaraq “dəhlizi kim qoruyacaq” məsələsidir. Üçtərəfli bəyanata əsasən, orada Rusiya qüvvələri durmalıdır. İndi Rusiya və Ermənistan bundan imtina edir. Bu məsələ isə həll edilməlidir.

Əgər Rusiya təhlükəsizliyi təmin etmirsə, başqa ölkə bu işdə iştirak etməlidir. Bizim üçün isə hansı qüvvənin olması o qədər də fərq etmir. Doğrudur, elə bir qüvvə olmalıdır ki, ona hər iki tərəf etimad etsin.
İkinci məsələ isə xarici dövlətlərin, əsasən də İranın bu işə müdaxiləsidir. İran isə Ermənistan vasitəsilə bu işə əngəllər törədir. Ona görə yenə də bütün məsələlər Ermənistanla həll olunmalıdır. Ən əsası isə Ermənistan öz öhdəliyini yerinə yetirməlidir”.

F.Şəfiyev son günlər bölgədə baş verən erməni təxribatları barədə də danışıb:

“Bu təxribatlar baş verib və təəssüflər olsun ki, bundan sonra da baş verəcək. Ən əsas səbəb sülh sazişinin olmaması, delimitasiyanın aparılmamasıdır. Laçın körpüsündə olan hadisə isə bir daha göstərdi ki, mütləq delimitasiya aparılmalıdır”.