“Fərmanın qüvvəyə minməsi tikinti sahəsində özbaşınalığın aradan qalxmasına xidmət edəcək” – Deputat

“Son illər aparılan sosial-iqtisadi siyasətin uğurlu icrası sayəsində ölkəmizin tikinti sektorunda böyük canlanma baş vermiş, yeni-müasir tələblərə cavab verən binaların ucalmasına yol açmışdır”. Bu sözləri deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, yeni tikilmiş tikililər yaşayış məntəqələrə xüsusi müasirlik gətirmiş, həm də vətəndaşların rahat yaşayışını təmin edir: “Amma çox təəssüf ki, tikilən müasir, göz oxşayan tikintiləri ilə yanaşı, qeyri-qanuni tikilmiş və insanların həyatı üçün təhlükə mənbəyi olan binalar da tikilməkdədir. Bəzi tikililərin icazə və normalara uyğun olmadan, kommunikasiyaların mühafizə ərazilərində tikilməsi, o cümlədən “Şəhərsalma və Tikinti Məcəlləsi”ndə tələblərin daha yumşaq qeyd olunması və tələblərin icrasına görə tətbiq olunan inzibati cəzaların yumşaq olması nəticəsində davam etməkdədir. Bu, həm tikilmiş tikililərin sənədləşdirilməsi məsələsini, həm də təhlükəsizliyə nəzarəti çətinləşdirir”.

Deputat sözlərinə belə davam edib: “Qeyd etdiyim çatışmazlıqların aradan qaldırılması üçün Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilmişdir. Növbəti addım olaraq, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır. Müvafiq fərmana görə, 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Bu fərmanın icrası tikilmiş qeyri-yaşayış təyinatlı 40 mindən çox binanın istismara verilməsi və mülküyyət hüququnun tanınmasına yol açacaqdır. Qüvvədə olan qanuna görə tikinti obyektin istismara qəbul olunması üçün tələblər daha çox genişdir. Amma bu sahədə sadələşdirmənin aparılması bu günə qədər tikilmiş, lakin istismara təhlükəsiz və torpağın sənədi olan tikililərin mülkiyyət sənədlərinin verilməsinə yol açacaqdır.

Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir. Eyni zamanda, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Tikintiyə və istismara icazələrin elektron portalı üzərindən ala bilməsi bu prosesdə şəffaflığın təmin olunmasına yol açacaqdır. Həm də icazə almadan özbaşına tikintinin tikintiyə başlamasına görə inzibati cəzaların sərtləşdirilməsi və belə tikinti başa çatandan sonra kommunikasiyalara qoşulmasının qadağan olunması qeyri-yaşayış təyinatlı tikililəri tikən subyektlərini qanunun tələblərini icra etməsinə öncədən düşündürəcəkdir.

Sonda qeyd etmək istəyirəm ki, tikinti -şəhərsalma sahəsində nəzarət tədbirlərinin sərtləşdirilməsi və qeyri-yaşayış təyinatlı bəzi obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanın qüvvəyə minməsi bu sahədə xaotikliyin və özbaşınalığın aradan qalxmasına xidmət edəcəkdir”.