Fəzail İbrahimli: ” Prezident İlham Əliyev BMT-də Ermənistanın yalanlarını ifşa etdi”

“BMT-nin fəliyyətində nə qədər qüsurlar olduğundan ciddi islahatlara ehtiyac duyulsa da, dünyanın siyasi proseslərinin sükanı arxasında əyləşən ikinci bir ünvana sahib təşkilat yoxdur. Bununla belə BMT nə qədər mötəbər təşkilat olsa da, Azərbaycan qarşısında üzüqara durumdadır. Çünki Ermənistanın Azərbacana qarşı təcavüzkar siyasəti ilə bağlı 4 Qətnamə qəbul etsə də, həmin Qətnamələr bu günə kimi yerinə yetirilməyib”.

XALQ.AZ xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclis Sədr müavini Fəzail İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında  videomüraciətini şərh edərkən deyib.

F. İbrahimlinin sözlərinə görə,  BMT TŞ Ermənistanın təcavüzkar siyasəti ilə bağlı 1993-cü ildə qəbul etdiyi Qətnamələrin indiyədək icra olunmasına nail olmayıb: “Həmin Qətnamələri tarixin arxivinə atmaqla onların  icrasına  laqeyd yanaşıb. Ermənistanın işğalçılıq siyasətinə son verilməsi istiqamətində real addım atılmayıb. BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti qətiyyəli çıxışı ilə bütün bu məsələlərə aydınlıq  gətirdi”.

Dövlət başçımızın BMT Baş Assambleyasının 75-ci sessiyasındakı məlum çıxışınına toxunan Vitse-spiker onu da bildirib ki,  cənab Prezident qətiyyətli, ədalətli  mövqeyi ilə Qarabağ probleminin həlli ilə bağlı dünya birliyinə və fərqli düşüncə sahiblərinə ultimatum verib: ” Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan işğal  faktı ilə barışmayacaq, güzəştə getməyəcək.  Bütün imkanlardan və alternativlərdən istifadə edilməklə bu işğala son veriləcək. İkinci cəhət  isə ondan ibarətdir ki, hal-hazırda Ermənistan Azərbaycanla  sərhədlərinə hərbi qüvvələrini cəmləşdirməklə,  təxribata əl atıb müharibəyə başlamaq istəyir. Məqsəd də ondan ibarətdir ki, bu yolla Ermənistan dünyaya Azərbaycanı təcavüzkar dövlət kimi təqdim edib,  3-cü dövlətlərlə Azərbaycanı üz-üzə qoymaq istəyir. Paşinyan hakimiyyətini  qorumaq üçün  xalqın diqqətini yayındırmaq məqsədi ilə  Azərbaycanla müharibəyə başlamaq istəyir.
Digər məqam isə Qafqazda  marağı olan  qüvvələrin Ermənistanın bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməsidir. Prezident çıxışında birbaşa  Ermənistanın təcavüzkar siyasətini ifşa etdi. Prezident Ermənistanın bir təcavüzkar ölkə  olması barədə siyasətini BMT kimi mötəbər bir qurumun tribunasından səsləndirməklə ifşa etdi. Cənab Prezident BMT başda olmaqla  bütün beynəlxalq təşkilatları və dünyanın aparıcı ölkələrini Ermənistanın təcavüzkar siyasətinə susqunluqda ittiham etdi. Onlara Ermənistanın təcavüzkar siyasətinə son verilməsi istiqamətində  real addım atmamasına görə iradlarını birbaşa bildirdi”