Fəzail İbrahimli: “Qars müqaviləsinin zamanında imzalanması çirkin planı alt-üst etdi”

1921-ci ilin 13 oktyabrında imzalanan Qars müqaviləsindən yüz il ötməsinə baxmayaraq. Bu sənəd Azərbaycan üçün hələ də böyük siyasi, hərbi və tarixi əhəmiyyət kəsb edir. Qars müqaviləsinin tarixi-siyasi əhəmiyyəti ilə bağlı Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin mövqeyini öyrəndik.

Bunu müsahibəsində Milli Məclisin sədr müavini Fəzail İbrahimli bildirib ki, əgər zamanında qars müqaviləsi imzalanmasaydı,  Azərbaycanın böyük bir hissəsini itirə bilərdik. “1920-ci ildə  süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə ermənilər tərəfindən mənhus bir baxış var idi. Azərbaycanın çox böyük ərazilərini mənimsəmək istəyirdilər.  Ancaq imzalanan Qars müqaviləsi bütün bu mənhus baxışlaırn qarşısını almış oldu”- deputat qeyd edib.

Milli Məclisin sədr müavini əlavə edib ki, bolşeviklərin qalib gəlməsinə baxmayaraq, ermənilər  Moskvadakı havadarları vasitəsi ilə Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına  genişləndirməyə çalışırdı: “Moskva bu işdə onlara hər vasitə ilə dəstək verir və baş verənlərə göz yumurdu. Ermənilərin təkcə Basarkeçərə. Göyçəyə, Zəngəzura, Qarabağa deyil, həm də Naxçıvana qarşı ərazi iddiası var idi. Ermənilər hər vasitə ilə Naxçıvanı  Ermənistanın ərazisinə qatmaq planı var idi. Amma Qars müqaviləsinin zamanında imzalanması belə bir çirkin planı alt-üst etdi. Bax belə bir zamanda 13 oktyabr 1921-ci ildə beş tərəfin;- Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın iştriakı ilə  Qars müqaviləsi imzalandı. Qars müqaviləsi 20 maddədən ibarətdir. 20 maddədən ibarət bu sənədin ancaq 5-ci bəndi Azərbaycan və Naxçıvanla bağlıdır. Məhz elə bu bənd Naxçıvanı gözləyən təhlükədən qorudu. Belə ki, həmin bənddə Naxçıvan müəyyən edilən sərhədlər daxilində Azərbaycanın tabeçiliyində qalır və muxtariyyət yaratmaq hüququna malikdir”.

Millət vəkili onu da bildirib ki, 1921-ci ilin iyulun 4-də Bolşevik Kommunist partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın  Ermənistana birləşdirilməsi barədə qərar verdi: “Amma Nəriman Nərimanovun müqaviməti nəticəsində bu mümkün olmadı. İclasın ikinci günündə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması barədə qərar qəbul edildi.  Düzdür, sənəd Nərimanovun Azərbaycanda rəhbərlikdə olduğu müddətdə ratifikasiya olunmadı, sənəd heç gündəmə gətirilmədi. Ancaq Moskvanın əl-ayağına dolaşan Nərimanov Azərbaycandan rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra  kommunist partiyasının Qafqaz Bürosu   məsələni Azərbaycan rəhbərliyi qarşısında bir ultimatum şəklində qoyaraq, sənədə imza atmasını tələb etdi. Bax, bu baxımdan Qara müqaviləsinin Azərbaycan üçün çox böyük siyasi, tarixi əhəmiyyətə malikdir. Qars müqaviləsi Naxçıvanın xilası sənədi oldu. Müqaviləyə əsasən Türkiyə bu gün də Naxçıvanın təhlükəsizliyinə məsuldur. Naxçıvana hər hansı təhlükə olarsa, Türkiyə qars müqaviləsinin 5-ci bəndinə istinadən edərək, gözlənilən təhdidin qarşısını almaq hüququna malikdir.

Ona görə də Qars müqaviləsinin imzalanması o dövr üçün siyasi bir sifariş idi və o da baş verdi”.

-Milli Məclisin sədr müavini bildirib ki, Türkiyə nəinki o zaman, bu gün də Azərbaycanın  güman və güvənc yeridir: “Türkiyə iyirminci əsrin sonunda  Azərbaycan müstəqilliyinin yenidən bərpa etdikdən sonra Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycana dəstək verən yeganə dövlət oldu.

Türkiyə necə ki, 1918-ci ildə yoxdan yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin güvən və güman  rolunu oynadısa, bu gün də elə oldu. Əgər o zaman qardaş Türkiyə və Qafqaz İslam Ordusu olmasaydı, Tbilisidə imzalanan istiqlal bəyannaməsi bu gün tarixin arxivlərində araşdırmaçılar tərəfindən öyərniləcək bir  sənəd olacaqdı. Yazılacaqdı ki, tarixdə belə bir  hadisə baş verib, amma dövlətçilik planlarını reallaşdıra bilməyiblər. Çünki o zaman Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin  bir respublika kimi formalaşmasında, ölkəyə  sahiblənib rəhbərlik etməsində, erməni daşnak və bolşeviklərin ölkə ərazisindən, xüsusən də Bakıdan azad edilməsində müstəsna rol oynadı. Qafqaz İslam Ordusu Bakını Şaumyanın başçılığı altında erməni daşnak və bolşeviklərdən təmizlədikdən sonra milli hökumət Bakıya köçə bildi.

Biz Türkiyənin bu qardaşlıq mövqeyini iyirminci əsrin sonunda  Ermənistanın Azərbaycana qarşı növbəti işğalçılıq siyasət zamanı da şahidi olduq.  Güman və güvənc yerimiz olan qardaş Türkiyə Azərbaycanın haqq davasında bütün dünyanın təzyiq və təqiblərinə baxmayaraq dəstək verərək işğalçı ölkəyə bütün qapılarını bağladı. 44 günlük Vətən müharibəsində də  Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Azərbaycanın möhtəşəm qələbəsindən sonra Azaadlıq meydanında keçirilən Zəfər paradında  hər iki qardaş ölkənin liderinin dünyaya verdikləri mesaj son  iki yüz ildə Türk dünyasının başına oyun açan, Türkiyəyə qarşı ərazi və soyqırım iddiası ilə çıxış edən, böyük Ermənistan ideologiyasının dəfn etməkdə olduğumuz tabuta vurulan son mismar oldu. 2021-ci ilin iyunun 15-də Şuşada iki qardaş ölkə arasında imzalanan Birgə Bəyannamə isə bunun kulminasiya nöqtəsi, 4 iyul 1918-ci ildə Batumda, 13 oktyabr 1921-ci ildə imzalanan müqavilələrin davamı oldu. Daha  təkmil və inkişaf etdirilmiş  formada… Bu bir daha iki qardaş ölkənin “bir millət iki dövlət” şüarının ruhuna uyğun imzalanan sənəd oldu. Bu sənədlər qardaşlığın əbədi rəzmi olduğuna işarə idi. Əgər Qars müqaviləsi Naxçıvanın təhlükəsziliyinə təminat verirsə, Şuşa Bəyannaməsi isə bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təminat verir. Qars müqaviləsinin ən mühüm cəhətindən biri isə SSRİ dövründə belə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xüsusi rol oynadı və oynamaqda davam edir”.