General iş adamını bu səbəbdən qətlə yetirib

20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ifadə verib.


XALQ.AZ xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib. İşçilər hadisə günü R.Əkbərovun səfirlikdə və restoranda olduğunu bildiriblər.
Məlum olub ki, hadisə günü Elçin Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdınız”. R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra restoranın qarşısında qətl törədilib.
Rövşən Əkbərov ifadə verərək bildirib ki, hadisə günü həmin kafedə olmayıb: “Mən Kiyevə kurs keçməyə göndərilmişdim. Həm də səfirlikdə hərbi attaşenin vəzifələrini icra edirdim. Kiyevdə Azərbaycan günləri keçirilirdi. Ayın 31-də səfirlikdə tədbir oldu. Sonra axşam orada çay içdik. Ailə üzvlərim də yanımda idi. Sürücü “samovar”ı qaynadırdı, bir-iki dəfə onu söndürdü. Ona göstərdim ki, necə qaynatmaq lazımdır. Həmin vaxt uzaqdan səfirliyə iki nəfərin gəldiyini gördüm. Onlar səfir Rövşən Qaradağlı ilə görüşüb getdilər. Sonra da ailəmi götürüb evə getmişəm”.
Qeyd edək ki, prokuror çıxışında R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.