“Fransa öz ölkəsində neomüstəmləkəçi meyillərlə mübarizə aparmalıdır” – Deputat

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi neokolonializm meyillərinin artmasından narahatdır. Hazırda Hərəkatın da əsas prioritetlərdən biri müstəmləkəçiliyə qarşı qətiyyətlə mübarizə aparmaq və onun tamamilə aradan qaldırılmasına töhfə verməkdir. Bu xüsusda neokolonializmi hələ də davam etdirən ölkələrdən biri kimi Fransanın addımları qətiyyətlə pislənir. Bakıda keçirilən toplantıda bu, bir daha bəyan olundu. Prezident İlham Əliyevin də söylədiyi kimi, erməni azlığın müdafiəçisi qismində çıxış etməsi fonunda Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində neomüstəmləkəçi meyillərlə mübarizə aparmalıdır.

Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə beynəlxalq münasibətlərdə mühüm təsisatlardan birinə çevrilib. Hərəkatın sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Təsadüfi deyil ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.

BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan hərəkata sədrlik, xüsusilə də sədrliyin daha bir il uzadılması ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsi idi. 2019-cu ildə Hərəkata sədrliyi öz üzərimizə götürərkən də Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu mənada Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi nəyi dedisə, onu da həyata keçirdi. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verdi. Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin Gənclər Təşkilatı yaradılması bunun əyani sübutudur. Hazırda hərəkatın qadınlar platformasının yaradılması üzərində iş gedir. Təsadüfi deyil ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində ilkə də imza atıldı – Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Bununla da bütün dövrlərdə olduğu kimi, qlobal pandemiyanın yaratdığı mürəkkəb şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla üz-üzə qaldığı vaxtda Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi.

Azərbaycan Şərq-Qərb qarşıdurması fonunda Qoşulmama Hərəkatını BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynayan, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak edən aktor kimi görmək istəyir və bu istiqamətdə praktik addımlar atır.

Bu hərəkata sədrlik həm də Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü kimi nüfuzunun daha da möhkəmlənməsinə zəmin yaratdı.

Könül Nurullayeva
Milli Məclisin deputatı