Köhnə bazarda çalışan sahibkarların işi çətinləşib

Şabran rayonunun mərkəzində fəaliyyət göstərən bazarın önündə qanunsuz olaraq yeni bazar yaradılıb. Bu səbəbdən köhnə bazarda çalışan sahibkarların işi çətinləşib, onlar məhsullarını sata bilmirlər.

Bu barədə  şikayəti ünvanlayan sahibkarlar bildiriblər ki, qanunsuz açılan bazarda satılan qidaların keyfiyyəti standartlara cavab vermir.

“Bazarın içində bazar yaradıblar. Qeyri-qanuni yaradılmış bazarın yerində əvvəl bələdiyyə bazarı olub. Hansı ki, orada əvvəllər satıcılar “yerpulu” və dövlətə vergi ödəyiblər. Bundan əlavə, bazara nəzarət edən polis də olub. Lakin bələdiyyə sədri yenisi ilə əvəz ediləndən sonra vəziyyət tamam dəyişib. Rayona yeni təyin edilən icra başçısı həmin bələdiyyə bazarını sökdürüb. Buna səbəb kimi isə bazarın önündə yeni bazarın qanunsuz olduğu göstərilib. İndi isə həmin bazarda çalışanlar yeni yerlər götürərək, nə yerpulu, nə də vergi verirlər”, – şikayətdə bildirilib.

Satıcılar iddia edirlər ki, sözügedən bazarda çalışanların arasında narkotik istifadəçiləri də var: “Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər. Vəziyyət o həddə çatıb ki, avtomobillərin hərəkətində də problemlər yaranıb. Bazarın avtomobil parkı yoxdur. Halbuki hazırda qanunsuz icarəyə verilən yerlərdə əvvəllər avtomobil parkı fəaliyyət göstərib. Hər gün qanunsuz fəaliyyət göstərməklə külli miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizlədən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları anti-sanitariya vəziyyətində alış-veriş etməyə məcbur qoyublar. Xəstəlik mənbəyi olan və anti-sanitariya vəziyyətində fəaliyyət göstərən, insanların gediş-gəlişinə maneə yaradan, şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə rayon rəhbərliyi nə vaxta qədər göz yumacaq?”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş-leytenantı Xəyal Talıbov  deyib ki, sözügedən məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb: “Buna baxmayaraq həmin məsələ ilə əlaqədar  araşdırma aparılır. Müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Şabran Rayon İcra Hakimiyyəti tərəfindən saytımıza verilən açıqlama isə belə olub: “Şabran şəhər əhalisi tərəfindən gündəlik qida məhsullarının istehlak olunmasında əsas satış nöqtəsi olan “Dəvəçi-Kolxoz Bazarı” MMC-nin M.Ə.Rəsulzadə prospekti tərəfindən giriş hissəsindəki meydançanın ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə istifadə olunması, bazar ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, insanların və nəqliyyat vasitələrinin əraziyə rahat şəkildə giriş və çıxışının təmin olunması, bazar ərazisində sanitar-gigiyenik qaydalara əməl olunması, anti-sanitar vəziyyətə mütəmadi nəzarət olunması, bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərində yanğın təhlükəsizliyi avadanlıqlarının və xəbərdaredici sinqalizasiya qurğularının, habelə bu istiqamətdə digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün Şabran Rayon İcra Hakimiyyəti və Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya şöbəsinə, FHN-nin Şimal Regional Mərkəzinə, Şabran Rayon Polis Şöbəsinə, Şabran rayon bələdiyyəsinə və Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət olunub. Sözügedən məsələləri və bu istiqamətdə görülən bütün işləri Şabran Rayon İcra Hakimiyyəti diqqət mərkəzində saxlayır”.