Gəncə Dövlət Universitetində özbaşınalıq- “Kollektivdə normal iş prosesi yoxdur”

“Cənab Prezident, biz – Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.”

Bu sözlər Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Təhsil Naziri Emin Əmrullayevə, surəti Gəncə Şəhər Prokuroru Azad Qarayevə, surəti Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova ünvanlanan ŞİKAYƏT məktubunda yazılıb.

XALQ.AZ bir surəti də TİA.AZ-a daxil olan şikayət məktunu təqdim edirik:

“Cənab Prezident, GDU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar. Yorulub əldən düşmüş, baş verən proseslərə adekvat   reaksiya verə bilməyən, tamahkar bir qocanın ümidinə qalan kollektivdə normal iş prosesi yoxdur. Ümid edirdik  ki, universitetə bəlkə  normal bir prorektor təyin oluna və  bu özbaşınalıqların qarşısını ala.

Amma rektor Yusif Yusibov 2013-cü ildən bəri onun maliyyə maxinasiyalarına rəhbərlik edən “qara kassa” ləqəbi ilə tanınan, İqtisadiyyat və idarəetmə fakültəsinin iki dəfə dekanı işləyən, həmişə müxtəlif vəzifələrdə çalışmış Şahin Xurşudovu müxtəlif yollarla tədris məsələləri üzrə prorektor təyin etdirdi.

Bu o Şahin Xurşudovdur ki, bir neçə il bundan qabaq nişanlı qıza sataşdığı üçün qızın nişanlısı və qohumları onu universitetin qabağında, tələbə və müəllim kollektivinin gözləri önündə qalstukundan tutub o tərəf-bu tərəfə sürüyərək möhkəm döymüşlər. Nəticədə qıçı qırıldı, bir aydan artıq  işə çıxa bilmədi, evdə yatdı, pulun hesabına bu hadisənin üstünü ört-basdır etdilər və sonda məsuliyyətdən yayındı. Bu şəxs Azərbaycan Texnologiya Universitetini bitirib, ixtisası uyğun gəlməsə də tədris işləri üzrə prorektordur. O, prorektor təyin olunsa da İqtisadiyyat fakültəsinin dekanlığını əlindən buraxmır. Orada dekanlığa namizəd, hal-hazırda  kafedra müdiri  işləyən Zakir Əhmədova şərt qoydu ki, səni dekan qoydururam, amma 20 faizə işləyəcəksən. Zakir Əhmədov isə bu dələduzun formalaşmasında, onun əlinin çörəyə çatmasında   böyük rolu olan bir insandır. Zakir müəllim bununla razılaşmayanda, hələlik dekan vəzifəsini Texnologiya Universitetindən qovulub, burada özünə yer edən Məsim Abadova həvalə ediblər.

Amma dekanlığın bütün rüşvət məsələləri humanitar məsələlər üzrə dekan müavini Könül Əlizadəyə tapşırılıb. Bu xanım isə Şahin Xurşudovun sevgilisidir. Bu cütlük müxtəlif  hoqqalardan çıxır. O qədər harınlayıb ki, kollekviumdan, aylığa buraxılan tələbələrdən və s. yığılan rüşvəti  idman forması geyinərək sevimli prorektorunun yeni kabinetinə aparır, hər gün işin axırında oraya açıq-saçıq geyimlər geyinib uçota gəlir.

İş o yerə çatıb ki, dekanlığın digər işçiləri artıq bezib, başqa iş yeri axtarırlar. Şahin Xurşudov universitetin bütün korpuslarında olan tələbə yeməkxanalarını da ələ keçirib. Hamısına o rəhbərlik edir. Tələbələr ona artıq “kafelər kralı” deyir. Gəncədə daşınmaz obyektlərinin sayı onlarladır.

Hal-hazırda İqtisadiyyat fakültəsində 200 nəfər tələbə aylığa buraxılıb. Heç bir xəbərdarlıq etmədən qəfil yoxlama keçirilsə, bu özünün tam təsdiqini tapacaq. Bir tələbənin bir semestrlik aylığa buraxılmasının haqqı 500 manatdır. Buraya  kollekvium və imtahanların qiymətləri daxil deyil.

Şahin Xurşudovun çoxlu bahalı maşın kolleksiyası da var. Bu elə bir şəxsdir ki, hər bir tələbəni, hər bir dekanı, hər bir kafedra müdirini obyekt kimi görür. Rektor Yusif müəllim isə bütün hüquqları buna verib.

Universitetdə bütün vəzifələrə təyinat, kimi isə müəllim keçirmək, kimi isə dosent  keçirmək, kimi  isə   yeni işə götürmək  bunların  hamısı   Şahin Xurşudovun əli ilə həyata keçirilir. Hər birinin də öz konkret qiymətləri var. Bu adamın gözü bununla   doymur, indi isə tədris-köməkçi heyətin attestasiyasını keçirib indidən ona buna məbləğ oxuyur. Bilirik ki, attestasiyada işçilərə öz ixtisasına, tutduğu işə uyğun suallar verilməlidir. Amma rektorluq deyir ki, sərbəst mövzu veriləcək bu mövzuda inşa yazacaqsız. İnşa yaza bilməyən işdən azad olunacaq.

Gəncə Dövlət Universiteti respublikada yeganə universitetdir ki, heç bir dekan, heç bir kafedra müdiri, heç bir müəllim, heç bir əməkdaş, heç bir tələbə rektorun  qəbuluna düşə bilmir. Rektor konkret göstəriş verib ki, hər bir şəxs tədris məsələləri üzrə prorektor Şahin Xurşudova müraciət etsin. Təsəvvür edin ki, rektor heç bir dekanın, heç bir kafedra müdirinin və digər prorektorların  telefon zənginə belə cavab vermir. Adamdan soruşarlar ki, hamını Şahin Xurşudov qəbul edəcəksə, onda Sən kimsən, Sən nəyə lazımsan??? Sən Hüseynbala Mirələmovsan ki, kabinetində bu ahıl yaşında yaramaz işlərlə məşğul olursan…

Rektor bütün dekanları, bütün kafedra müdirlərini,bütün şöbə müdirlərini həftənin şənbə günləri işə gəlməyə məcbur edir. Halbuki, universitetdə beşgünlük iş rejimidir. Amma buna baxmayaraq  şənbə  və  bəzi hallarda hətta bazar günləri belə saat 10-dan 3-ə qədər hamının işdə olması tələb olunur. Həftənin bütün günləri ərzində müxtəlif komissiyalar əməkdaşların davamiyyətini yoxlayır. Burada Şahin Xurşudovun, Asif Cavadovun, Gülsüm Fətəliyevanın, rektorun  özünün  hərəsinin   öz  komissiyası  var. Bu komissiyalar elə vaxt olur ki, ikisi  birdən eyni vaxtda gəlir, normal iş rejiminə mane olur.

Şahin Xurşudov tədris məsələləri üzrə prorektor təyin olunsa da tualetlərə Net tökülməsi, otaqlara stol-stul verilməsi, kabinetlərin dəyişdirilməsi məsələlərinə də baxır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər və eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

Ancaq GDU-nun rektoru Yusif  Yusibov bu təlimatı  pozaraq 12 ildən artıq dekan işləyən  şəxsləri, 70-yaşdan çox yaşı olan rüşvətxor Əjdər Əsgərovu, rüşvətxor  İsfəndiyar Alverdiyevi  yenidən dekan seçdi. Qanunvericiliyə görə eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Amma bunlar 3-cü dəfə dekan seçildi. Səbəb odur ki, Şahin Xurşudov dekan seçilmək üçün Əjdər Əsgərovdan və İsfəndiyar Alverdiyevdən hərəsindən 20000 manat pul alıb.

Təhsil Nazirliyinin qanunları və təlimatları deyəsən Gəncə Dövlət Universitetinə aid deyil. Yoxsa, bunlardan başqa həmin vəzifəyə layiqli kadrlar yoxdur??? Kadrlar var, lakin o kadrların vəzifəyə keçmək üçün rüşvət verməyə 20000 manatı  yoxdur.

Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov 3 dəfədir ki,ardıcıl olaraq dekan işləyir. 72 yaşı var. Rüşvətxorluqla bağlı keçən il törətdiyi əməllərə görə töhmət alıb. Zərdab rayonunda kollecin direktoru işləyib. Saxta kollec olduğuna görə oradan qovulub. Fakültəni idarə edə bilmir. Kollektivdə heç bir hörməti yoxdur. Ona qarşı fakültədə böyük narazılıq var. Lakin rektor onu Şahin Xurşudovun əli ilə alınmış 20000 manatın müqabilində qeyri-qanuni olaraq dekan seçdi. Bu adamın övladları da GDU-da işləyir.

Gəncə Dövlət Universitetində professor-müəllim və texniki heyətin maaşı artırılmır. Gəncədəki digər universitetlərlə müqayisədə  GDU-da  əmək  haqqı qat-qat  aşağıdır.  Əmək haqqı “mənim səndən xoşum gəlir” (yaxud gəlmir) prinsipi  ilə  bölünür. Ştat cədvəli üzrə vəzifə maaşları arasında müəyyən bir əmsal olduğu halda, xoşa gələn adamlara, yəni rektorun yaxın çevrəsinə  istənilən maaş, üstəgəl  daimi mükafatlar verilir, xoşa gəlməyənlərin maaşını artırmağa isə  guya vəsait tapılmır. Tələbələrin keçirdiyi ödəniş pulları, altqruplara görə ödənilən pullar  isə yalandan yazılan təmirlərə, rektorun katibəsinin, köməkçisinin və s. kimi şəxslərin guya maşınlarının təmirinə yazılaraq silinir. Ümumiyyətlə, işçilərinin  əksəriyyətinin  minimal 250 manat əmək haqqı alan bir universitetin yalnız “seçilmiş adamları”na 2000-2500 manat maaş verilir.

Universitetdə elmi adların verilməsi üçün rüşvət tələb olunur. Seçkiyə gedərkən yerli elmi nəşrlərdə çıxan məqalələr qəbul edilmir. “WEB SCIENCE IMPACT FACTOR və SCOPS FACTORY” jurnallarında  olan məqalələr tələb edir. Bu məqalələr isə ən azı 300-400 dollara başa gəlir, bizim maaşımızla bu məqalələri çap etdirmək bizə çox çətindir.

Rektor Vasif Həsənovun heç bir dərs vəsaiti və məqaləsi olmadığı halda onu dosent keçirir. Amma 10-dan artıq məqaləsi olan, dərs vəsaiti olan şəxsləri dosent keçirmir. Çünki, dosent keçmək üçün Şahin Xurşudov 5000 manat məbləğ müəyyənləşdirib. Dosent keçmək üçün komissiya formalaşdırılıb, bu komissiyada heç bir məqaləsi olmadan dosent keçən Vasif  Həsənov söz sahibidir.

Yanvar ayında imtahanları  DİM-in keçirdiyi imtahan formasında keçirərək nəticələrin oxunması üçün rektorun özünün dediyinə görə 180 min dollara optik oxuyucu – yəni skaner  qurğusu alındı. İndi isə iyunda imtahanların keçirilməsi üçün  böyük  məbləğdə pula hansısa vaxtı keçmiş proqram və 200-ə qədər nootbuk alınıb. Bu nootbuklar isə baha qiymətə sənədləşdirilsə  də, işə tam yararsızdır. Sual olunur, əgər imtahanların nootbukla götürülməsi nəzərdə tutulubsa onda bu qədər böyük pula skanerin alınması nəyə lazım idi? Əlbəttə universitetin büdcəsini talan etmək üçün. Digər tərəfdən imtahanların mərkəzləşdirilərək test formasında  keçirilməsi və Vasif Həsənovun əli ilə rüşvətin yığılması. Əməkdaşların maaşını qaldırmaq istəməsə də, lazımsız mebellər və avadanlıqlar almağa pul tapılır.

Cənab Prezident, burda o qədər məsələ var ki, onları yazıb Sizin dəyərli vaxtınızı almaq istəmirik.

Xahiş edirik ki,Yusif Yusibovun, eləcə də Şahin Xurşudovun bazarının bağlanması üçün aidiyyəti orqanlara göstəriş verəsiniz.

Hörmətlə, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti adından Azadə Murad qızı Vəliyeva”