Gəncədə Çay Festivalı

Gəncə şəhərində doğma çay, “Azerçay”ın təşkilatçılığı ilə möhtəşəm Çay festivalı keçirilib. Festival 10, 11, 12 iyul tarixlərində “Bayraq meydanı”nda baş tutub.
Gəncə şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən və 3 gün ərzində davam edən  tədbirdə insanların xoş istirahətini və əyləncəsini təmin etmək üçün çay ənənələrini əyani nümayış etdirən guşələr ilə yanaşı, sənətkarlıq, duluzçuluq, toxuculuq kimi tarixi mədəniyyət nümunələrimizi təmsil edən müxtəlif maraqlı guşələr yaradılıb, əyləncəli proqramlar təşkil edilib.

Festivalda həmçinin Gəncə sakinlərinə xüsusi ayrılmış guşələrdə “Azerçay” markasının çayından dadmaq imkanı yaradılıb. Tədbir zamanı uşaqlara ölkəmizin çayçılıq ənənələri barədə məlumat verilib sonda isə simvolik “Çay eksperti” sertifikatı təqdim edilməklə yanaşı balacaları sevindirmək üçün müxtəlif hədiyyələr verilib. Festival çərçivəsində ziyarətçilər üçün müxtəlif oyunlar təşkil edilib və qaliblər mükafatlandırılıb. Eyni zamanda lotereya oyunu keçirilib, qaliblər müxtəlif hədiyyələr qazanıblar.

Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən konsert proqramında isə tanınmış ifaçılar Ədalət Şükürov, Ayaz Babayev, Elsever Muradov, “East or West”, “Nənələr” qrupu və digər müxtəlif rəqs qrupları öz çıxışları ilə Gəncə sakinlərinə əyləncəli anlar yaşadıb.

Qeyd edək ki, illərdir Azərbaycan çay mədəniyyətini qoruyub saxlamaq missiyasını üzərinə götürən “Azerçay” markası bu tədbiri həyata keçirərək həmçinin milli adət ənənələrimizə olan həssaslığını əyani şəkildə nümayiş etdirir. Festival çərçivəsində doğma gəncəliləri sevindirmək üçün, milli markamız, Nizami yurdunda 8000 ailəyə “Azerçay” buket hədiyyə edib, bununla bərabər seçilmiş marketlərdə 3 ay ərzində 225 qramlıq adıçəkilən məhsula 15% endirim də tətbiq olunub.