Deputat: “Yenə erməni hiyləsi, yenə erməni məkri…”

Yenə erməni hiyləsi, yenə erməni məkri… 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğradıqdan sonra da məkirli siyasətindən əl çəkmir. Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan edən rəsmi İrəvanın əməlləri isə bölgədə sülhə xidmət etmir. Ermənilərin törətdikləri təxribatlar nəticəsində sülh danışıqları nəticə vermir. Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində Qarabağda beş-on ermənini küçələrə çıxarıb mitinq təşkil edən Ermənistan hakimiyyətinin məqsədi danışıqlar prosesində manipulyasiya etməkdir.

Milli Məclisin deputatı Elman Nəsirov  ermənilərin bu hərəkətini təxribat adlandırıb:

“Bunlar hamısı təxribatçı davranışlardır. Paşinyan baş verə biləcək proseslərlə bağlı məsuliyyəti üzərindən atmaq istəyir. Erməni cəmiyyətində satqın adlandırılan baş nazir yeni planlar qurur. O fikirləşir ki, sabah Brüsseldə hansısa təzyiqlərlə üzləşərsə, deməyə sözü olsun. Desin ki, Xankəndidə erməni əhalisi ayağa qalxıb, etiraz edir və sair. Müəyyən mənada onu gözləyən təhlükəni neytrallaşdırmaq üçün siyasi manevrlərə əl atır.

Amma unudur ki, Ermənistan axına qarşı üzə bilməz. Yəni bütün bunlara baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq”.

Elman Nəsirov Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü ərəfəsində törədilən təxribatlardan danışaraq bildirib ki, ermənilər yenə köhnə ampluasındadır:

“Ermənistan öz xislətinə sadiqdir. Yenə də görüş öncəsi Azərbaycanla şərti sərhəddə, eyni zamanda, sülhməramlıların yerləşdiyi Qarabağ ərazisində təxribatlar törədir, insidentlərə əl atır. Paşinyan hökuməti bununla öz sələflərindən – Koçaryan və Sarkisyandan seçilmir, onların siyasətini davam etdirir. Burada məqsəd belə görüşlər çərçivəsində fundamental məsələlərin həlli ilə bağlı ciddi irəliləyiş əldə edilməməsidir.

Amma Ermənistanın təxribatlarına baxmayaraq, tarixin inkişaf xətti var. Ona qarşı çıxanlar sonda uduzurlar. Və tarixi inkişaf da diqtə edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın.

Millət vəkili ölkə başçısının son nitqinə də diqqət çəkərək, prosesləri belə şərh edib:

“Azərbaycan prezidenti İlham Əliyev iyul ayının 11-də keçirdiyi müşavirədə qeyd etdi ki, Ermənistanın mövqeyində iki mühüm məsələdə konstruktiv irəliləyiş var. Birincisi, ötən ilin oktyabrında Praqada Ermənistan Baş naziri bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Eyni zamanda, bu ilin may ayında vurğuladı ki, Azərbaycan ərazisini onun parametrləri ilə tanıyır. Parametrlərə isə Qarabağ, Şərqi Zəngəzur və işğal altında olan anklav kəndlərimiz də daxildir. Bunlar hamısı müsbət tendensiyalardır. Bircə qalır Ermənistanın sözdə bəyan etdiyi mövqeyi imzası ilə təsdiqləməsi və sülh müqaviləsində bunların öz əksini tapması. Çox güman ki, Brüssel danışıqlarında bu məqamlar diqqətdə saxlanılacaq”.