Gənc əsgərlər hərbi xidmətə başladı

Asker

Prezident İlham Əliyevin sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılanlar məhz bu gün ehtiyata buraxılırlar. İyulun 30-dək davam edəcək bu proses bu gün həm də Qazaxdakı hərbi hissələrdən birində keçirilib. Gənc əsgərlərin xidməti cavuşlardan təhvil alması ilk dəfə olaraq mediaya nümayiş olunub.

XALQ.AZ-ın məlumatına görə, əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi hissənin döyüş bayrağı meydana gətirilib. Hərbi hissə komandiri polkovnik-leytenant Qorxmaz Əbilov və polkovnik Gəray Bağırov əsgərlərin döyüş hazırlığından söhbət açıb.

Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun təbrikini əsgərlərə çatdırıb. Tədbirdə böyük vətən, Əfqanıstan və Qarabağ müharibələri veteranları çıxış edərək, hərbi xidmətini uğurla başa vuran, həmçinin hərbi xidmətə yeni başlayan gənclərə uğurlar arzulayıblar.

Xidmətdə fərqlənən hərbçilərə və hərbi xidmətini başa vuran bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunub. Daha sonra ehtiyata buraxılan çavuş estafeti gənc əsgərə təhvil verib.

Rəsmi hissədən sonra tədbir Gəncə Qarnizon Zabitlər evi birləşmiş bədii kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.