“German Hospital” sağlam adamı öldürürlər-Şikayət

“Arıqlamaq istəyirdim. Araşdırdıqdan sonra gördüm ki, mədəyə balon qoyaraq xeyli çəki atmaq olur. Tanıdığım həkimə müraciət etdim. “Balon ziyanlıdır, sizin ayağınızda problem var, sizə olmaz”-dedi. Məsləhət gördü ki, “mədəqatlama əməliyyatı” edək. Mən də razılaşdım. Bariatrik -cərrah cərrah Aslan Abdullayevlə danışdım və “German Hospital”a getdim. Analiz etdirdim, dedilər ürəyinizdə su yığıntısı var. Amma bunun əməliyyata təsiri yoxdur”.  

XALQ.AZ xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Sənətçi bildirib ki, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:

“Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan əvvəl klinikanın “reception”una girib, ödənişimizi etdik. O an baş həkim gəlib, əlini-əlinə çırpıb pulu istəyirdi. Pulu tam ödədim və əməliyyata girdim. Sən demə, yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım.

Mayın 7-də konsertə getdim. 20 dəqiqə orada əyləşəndən sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub.

Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecədə həyatıma son qoyacaqdı. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdi, təcili yardım maşını məni evə gətirdi. Aslan həkimlə əlaqə yaradıldı. O isə “heç nə olmayıb” dedi.

Yenidən özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Həmin gün bir neçə dəfə belə vəziyyətə düşdüm. Rəfiqəm məcbur həkimə aparılmalı olduğumu bildirdi. Məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir.

Hər iki həkim sağlamlığıma xətər yetirdikləri üçün təzminat ödəmlidir. Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Klinika bağlanmamış, həkimlərin lisenziyası alınmamış mən bu işi yarıda qoyan deyiləm”, – deyə müğənni od püskürüb.

Məsələ ilə bağlı “German Hospital”la əlaqə yaratdıq. Xəstəxanadan rəhbər şəxslərin yerində olmadığı bildirilərək, “daha sonra əlaqə yaradın”, – deyə bildirilib.

Cərrah Aslan Abdullayevin köməkçisi isə həkimin əməliyyatda olduğunu əsas gətirərək, 2 saat sonra onunla əlaqə yaratmağın mümkün olacağını deyib.