“Ginnesin Rekordlar Kitabı”na düşən smartfon

Genis

Çinin “Gionee” şirkəti dünyanın ən nazik smartfonunun istehsalçısı elan edilib. Şirkətin “Gionee Elife S5.1” modeli “Ginnesin Rekordlar Kitabı”na salınıb. Bu qurğuda korpusun qalınlığı 5,1 mm təşkil edir.

XALQ.AZ-ın “ICTnews”a istinadən verdiyi məlumata görə, “Gionee Elife S5.1” orta səviyyəli smartfon tipinə məxsusdur. Qurğu 1280 x 720 piksel təsvir ölçülü 4,8 düymlük AMOLED ekran, dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 1 QB əməli və 16 QB daxili yaddaş, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.

Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. Aparata “Amigo 2.0” istifadəçi interfeysinə malik “Android 4.3” əməliyyat sistemi quraşdırılıb.

Rekorda imza atmış smartfon Çində təxminən 325 dollara satılır. Qara, ağ, çəhrayı və nanəli yaşıl rəngli korpuslara malik smartfonlar əlçatandır.