Gömrük idarəsində görüş keçirilmişdir

 

02

Qabon Gömrük Xidməti nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Xəbər verdiyimiz kimi, Qabon Respublikası İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyinin Gömrük və Vasitəli Vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən Azərbaycanda səfərdədir.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti DGK-da “Hədəf” Mərkəzinə baxış keçirmiş, buranın fəaliyyəti ilə yaxından tanış olmuşdur. Bildirilmişdir ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.
Nümayəndə heyəti DGK-nın Mərkəzi Hospitalına da baş çəkmişdir. Burada qonaqlara bu səhiyyə ocağının üstün imkanları barədə ətraflı məlumat verilmiş, ən müasir tibbi ləvazimatlarla təchiz olunan hospitalda xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin yaradıldığı vurğulanmışdır.
Qabon nümayəndə heyəti Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, DGK-nın Kinoloji Mərkəzi, “Azərterminalkompleks” Birliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə tanış olmuşdur.
Oktyabrın 30-da Qabon nümayəndə heyəti Xaçmaz Gömrük İdarəsində görüş keçirmiş, eləcə də bu idarənin “Samur” gömrük-buraxılış məntəqəsinə baş çəkmişdir. Burada qonaqlara məlumat verilmişdir ki, məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük-buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Xatırladaq ki, nümayəndə heyəti səfərin ilk günü Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşmüşdür.