“Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır” – Deputat

“Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Ermənistan-Azərbaycan münaqişəsində Pakistanın birmənalı olaraq Azərbaycana dəstək göstərməsi danılmaz faktdır. Xalqımız İkinci Qarabağ müharibəsində Pakistanın beynəlxalq səviyyədə verdiyi siyasi dəstəyi yüksək qiymətləndirərək, paytaxtdan bölgələrə qədər Azərbaycan, Türkiyə ilə yanaşı Pakistan bayraqlarını da daim ehtiramla dalğalandırıblar. Azərbaycan-Pakistan əlaqələri bir çox sahələri əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub, bu münasibətlər hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib”. Bu sözləri deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Kəşmir məsələsində Ulu Öndər Heydər Əliyevin zamanından etibarən sərgilənən aydın və dəyişməz mövqe, Pakistanın mənafelərinə İlham Əliyevin qlobal müstəvidə verdiyi açıq dəstək, habelə, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar layihələr, o cümlədən, dəfələrlə təbii fəlakət zonalarında ilk olaraq Azərbaycandan gələn dəstək Pakistan xalqında ölkəmizə qarşı xüsusi ehtiram yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib: “Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir”. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir”.

K.Bayramov qeyd edib ki, Pakistan Azərbaycana həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini gücləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. İki ölkə arasında çoxtərəfli münasibətlər durmadan inkişaf etməkdədir. İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə ticarət əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət başçımızın qeyd etdiyi kimi, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq.

Deputat diqqətə çatdırıb ki, təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. K.Bayramov əlavə elib ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir. Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Bu da, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir. Dövlət başçımızın qeyd etdiyi kimi, birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.