Gürcüstanı sel basdı

Gurcustan

Bu ay anomal istilərin ardınca region erkən payız havasını yaşayır. Azərbaycanda turizm zonası kimi məşhur olan Gürcüstanın Batumi istiqaməti daşqınların əsarəti altındadır. Son altı ayda görünməyən yağışlar fəlakətə yol açıb.
ANS TV-nin Gürcüstan müxbirinin məlumatına görə, güclü yağış Gürcüstanın Qərb bölgəsinə ciddi ziyan vurub. Yağışın təsirinə ən çox məruz qalan yerlər Batumi, Kobuleti, Poti və Qori şəhərləridir. 10 minlərlə insanın elektrik enerjisi və içməli su ilə təchizatı dayandırılıb. Acarıstan hökumətinin rəhbəri Arçil Xabadzenin sözlərinə görə, təbii fəlakət insan itkisinə səbəb olmayıb.

Batumi meri Georgi Ermakov şəhərdə son 6 ildə belə güclü yağışın müşahidə edilməyini və hazırda Batumidə vəziyyətin ağır olduğunu deyib.

İki gün yağan güclü yağış Poti şəhərində də ağır fəsadlar törədib. Evlərin birinci mərtəbələri su ilə dolub, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Mer İrakli Kakulya şəhərdə işlək vəziyyətdə olan 7 nasos stansiyasının yaranmış vəziyyəti aradan qaldırmaq üçün kifayət etmədiyini bildirib.

Qori rayonu da güclü yağış səbəbindən daşqınlara məruz qalıb. Rayonun bir neçə kəndində onlarla ev su altında qalıb. Əhali hakimiyyət orqanlarından yardım etmələrini xahiş edir. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün isə Acarıstan rəhbərliyi təcili iclas keçirib. Bütün xilasedici briqadaların, yanğınsöndürənlərin və tibbi heyətin fasiləsiz çalışması tapşırığı verilib.

Sinoptiklərin verdiyi məlumata görə, bu gündən başlanan sabit hava şəraiti bir neçə gün davam edəcək. Aidiyyatı orqanlar isə ilk növbədə küçələrdən və zirzəmilərdən suyu kənarlaşdırmasına başlayıblar.

Gürcüstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə başçısı Georgi Marqvelaşvili vəziyyətlə yerində tanış olmaq üçün bir neçə saat öncə Acarıstana yollanıb.