“Hər birimiz o hadisələrin canlı şahidi olmuşuq” – Elnur Allahverdiyev

“Sabah biz xalqımızın və müasir dövlətçilik tariximizin dönüş anı olan Qurtuluş Gününü qeyd edəcəyik. Tarixin səhnəsindən yüzlərlə dövlətlər və xalqlar gəlib keçib. Bu dövlətlərin bir çoxunun yer üzündən silinməsi, xalqların isə yalnız tarixin yaddaşında qalması mühüm, taleyüklü anlarda tələb olunan düzgün addımın atılmamasının nəticəsidir. Bu baxımdan, Azərbaycan xalqı özünün uzaqgörənliyi, müdrikliyi, mühüm anlarda birliyi və həmrəyliyi ilə mürəkkəb tarixi mərhələləri aşaraq hazırki müstəqil dövlətə malikdir”.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, bu reallıq xalqımızın tarixən zəngin dövlətçilik ənənələrinə malik olduğunun bariz göstəricisidir:

“Haşiyədən kənara çıxmayaraq bir misalla qeyd etmək olar ki, əsrlər boyu dünyanı saxta tarixi, “minillik dövlətçilik ənənələri” ilə aldadan erməni xalqı təsadüf nəticəsində əldə etdiyi müstəqilliyini qorumaq iqtidarında deyil, çünki buna onun məhz dövlətçilik ənənələrinin olmaması imkan vermir.

20 yanvar 1990-cı ildə xalqımızın möhtəşəm birliyi sonrakı müstəqilliyimizin əldə olunmasında aparıcı amil kimi çıxış edib. Bu nöqteyi-nəzərdən 1993-cü ilin iyunu və bunun məntiqi nəticəsi olaraq bu gün qeyd etdiyimiz Qurtuluş Günü xalqımızın tarixinə bir müdriklik, qəhrəmanlıq, ümummilli iradə, inadkarlıq anı kimi həkk olunub. Məhz xalqımızın uzaqgörənliyi həmin çətin, ümidsiz, qaranlıq günlərdə bütün maneələrin aradan qalxmasına və Ulu öndərin Bakıya gəlməsinə şərait yaratdı.

Hər birimiz o hadisələrin canlı şahidi olmuşuq, yüzminlərlə soydaşımızın doğma yurd-yuvalarından didərgin düşüb Bakıya, ölkəmizin digər bölgələrinə pənah apardıqlarını, şəhərlərimizə, rayon və kəndlərimizə hər gün şəhidlərin gətirildiyini xatırlayırıq. Cəbhədən gələn acı dolu məğlubiyyət xəbərləri xalqımızı mənəvi cəhətdən yormuşdu. Bir qrup xəyalpərəst, qeyri-peşəkar siyasətçinin bərbad dövlət idarəçiliyi onunla nəticələnmişdi ki, ölkəmiz vətəndaş qırğını astanasında idi, xalq belə bir çətin, düşmənlə əliyalın üz-üzə durduğu dövrdə çarəsiz vəziyyətdə qalmışdı. Hər birimizin evində bir gərginlik, təşfiş var idi. Həmyaşıd həmkarlarım təsdiqləyər, biz o vaxt məktəbli yaşında olsaq da, bizim nəslin ətrafda baş verən ictimai-siyasi hadisələrə görə kifayət qədər ayıq nəsil olması səbəbindən hər birimiz evlərimizdə, ətrafımızda böyüklərin, yaşlıların, ağsaqqaların keçirdikləri narahatlığı hiss edirdik. Yalnız 15 iyundan sonra hamıda bir rahatlıq, sakitlik hökm sürməyə başladı. Çünki dövlətçiliyimizin bu qaranlıq tuneldən çıxıb firavan inkişaf

yoluna qədəm qoyması üçün ümidlər görünməyə başlamışdı. Biz bu barədə çox danışmışıq, ancaq düşünürəm növbəti dəfə deməkdə fayda var ki, tarixinin ən qüdrətli çağını yaşayan, ərazi bütövlüyü təmin olunmuş, sərhədləri qorunan Azərbaycanın əsası məhz həmin gün qoyuldu. Ümummilli lider Heydər Əliyevlə xalqımızın birliyi nəticəsində”.