Hacıqabul ƏSMM-in direktoru Səlim Müslümovun tapşırıqlarına məhəl qoymur

Selim Muslumov

Xalis Həsənovdan ilginc maxinasiyalar

Saytımızın ötən saylarında istər paytaxt Bakıda, istərsə də respublikamızın rayonlarında fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərindən bir çoxlarının yarıtmaz fəaliyyəti haqda tənqidi materiallar dərc etmişik.

Təəssüflər olsun ki, bu qurumlar artıq adından da məlum olduğu kimi vətəndaşların sosial durumlarının yaxşılaşmasına yardımçı olmaq funksiyalarını heç də həmişə layiqincə yerinə yetirmirlər. Xalqxeber.Az-a daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularından konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşınalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. 

Bu səbəbdən də artıq neçə müddətdir ki, ƏSMM-lərin əksəriyyətində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları ölkə mətbuatında tez-tez müzakirəyə çıxarılan mövzulardan birinə çevrilmişdir. 
Hacıqabul rayonu sakinləri tərəfindən Xalqxeber.Az-a ünvanlanmış şikayət məktublarında da burada fəaliyyət göstərən ƏSMM-nin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən materiallar təqdim olunmuşdur.
Məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Xalis Həsənov bəzi əks-tədbirlərə əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Onun əvəzində bu işləri görən və ən əsası isə qeyri-qanuni pul, rüşvət yığımını həyata keçirən mərkəzin digər bir əməkdaşıdır. 
Xalqxeber.Az-a verilən məlumatlarda bildirilir ki, Hacıqabul ƏSMM-in rəhbərliyi aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilir.
Rayonun hüquqları pozulmuş sakinləri tərəfindən təqdim olunmuş materiallarda bildirilir ki, plastik kartların tətbiq olunduğu vaxtdan bu mərkəzdə çox yayılmış bir üsulla, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları baş vermişdir. Bu gün Hacıqabul ƏSMM-də sosial yardıma ehtiyacı olan insanlar ya incidilir, ya sənəd məsələsində get-gələ salınır, ya da ki, onlara çatmalı olan məbləğin bir neçə ayı məmurlar tərəfindən mənimsənilir. 
Qeyd edək ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsizliyi olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur, yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Amma Hacıqabul ƏSMM-də qanunda yazılanların heç birinə əməl olunmur. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Xalis Həsənov ölkə başçısının sosial yardıma ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğını heçə sayaraq öz şəxsi maraqları naminə çalışır. Sakinlər deyir ki, qanunla ünvanlı yardım almaq hüququna malik olan insanlar mərkəz rəhbəri tərəfindən müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qoyulurlar: “Mərkəzdən ünvanlı yardım alan şəxslərin çoxu imkanlı insanlardır. Onların sosial yardıma heç bir ehtiyacları yoxdur. Direktor həmin şəxslərdən müəyyən məbləğdə rüşvət alaraq, onlara qeyri-qanuni sənəd düzəldib. Yardımın 6 ayını onlara verib, 6 ayını isə özünə götürür. Ünvanlı yardıma həqiqətən də ehtiyacı olanlar isə, idarədən əliboş yola salınırlar. Direktor və işçiləri bu insanları heç bir səbəb olmadan incidirlər, onların qarşısına sənəd maneəsi qoyurlar. Elə sənədlər tələb edirlər ki, bu, qanunda yazılmayıb. Belə çıxır ki, mərkəzdə dövlətin qanunları yox, ayrı-ayrı fərdlərin təyin etdiyi qaydalar işləyir”. 
Yeri gəlmişkən qeyd edək ki, yeni aldığımız məlumatlarda Hacıqabul və Şirvan şəhər ƏSMM-lərinin rəhbərləri arasında həmin bu “özəl qaydalar” əsasında yaranmış qeyri-qanuni əməkdaşlıqdan da bəhs olunur. Bildirilir ki, tərtib olunmuş saxta sənədlər əsasında bəzi vətəndaşlar eyni zamanda hər iki ƏSMM-dən sosial yardım alırlar. Təbii ki, həmin saxta sənədlərin tərtib olunması da adı çəkilən ƏSMM rəhbərlərinin göstərişi əsasında həyata keçirilir. Bunun müqabilində isə ikiqat yardım alan vətəndaşlar öz “gəlirlərini” bu məmurlarla bölüşürlər…
İndi maraqlıdır, görəsən yeni nazir Səlim Müslümov bu “köhnə qurdların” öhdəsindən gələ bilmək üçün hansı tədbirlərə əl atacaq?

Xalqxeber.Az