Mətbuatda hadisə müxtəlif cür yozulur

2

 

“Bu məsələ Azərbaycan Mətbuat Şurasını (MŞ) ciddi narahat etməyə başlayıb”. Bunu SİA-ya açıqlamasında MŞ sədri Əflatun Amaşov son günlər ölkə mətbuatında, internet saytlarında, agentliklərdə və s. yayılan dezinformasiya xarakterli məlumatlara və insanların hissiyatı ilə oynanılması məsələsinə münasibət bildirərkən deyib.

MŞ sədrinin sözlərinə görə, mətbuatın vəzifəsi ondan ibarətdir ki, hadisəni daha obyektiv işıqlandırsın və bunu ölkə ictimaiyyətinə çatdırsın: “Həqiqətən düz vurğuladınız. Bildiyiniz kimi, hadisə baş verən zaman o, müxtəlif cür yozulur. Bu yaxınlarda Azərbaycanda üç partlayış baş verdi və ölkə mətbuatı bunu planlaşdırılmış terror hadisəsi olması ilə qələmə verdi. Hər hansı baş verən olayı əlbəttə ki, işıqlandırmaq lazımdır. Amma bu hadisə elə işıqlandırılmalıdır ki, onlar insanlarda bu yolu məhz özlərinə çıxış yolu kimi görməsinlər. Dünyanın müxtəlif ölkələrində bu kimi hadisələr baş verir. Hesab edirəm ki, bu kimi olaylar mətbuatda nə qədər çox işıqlandırılırsa, həmin hadisələrin sayı getdikcə çoxalır. Hətta bununla MŞ yaxın günlərdə tədbir keçirməyi planlaşdırır.

Bununla belə Azərbaycan mətbuatında zəlzələ ilə bağlı da müəyyən informasiyalar yayıldı. Hətta deyərdim ki, bu hadisə baş verərkən bəzi mətbuat orqanları bunu özlərinin öncəgörmələri kimi qələmə verdilər. Düşünürəm ki, məhz bu cür hallarda da mütəmadi olaraq səlahiyyətli orqanlarla əlaqə saxlamaq və onların fikrini ölkə ictimaiyyətinə çatdırmaq ən vacib şərtlərdən biridir”.