“İstanbul NS” klinikasında növbəti dəfə xəstə öldü

Xəstə ölümlərinə görə ad çıxaran “İstanbul NS” klinikasında daha bir pasiyentin həyatına son qoyulub. 82 yaşlı qadın öz ayağı ilə klinikaya gedib və 1 həftə sonra oradan meyiti çıxıb.

“Anamı gülə-gülə əməliyyata salıb, meyitini verdilər, cərrah isə qaçıb getdi” – bu sözləri “Yeni Müsavat”a   İlhamə Qəhrəmanova deyib. O bildirib ki, 82 yaşlı anası Raya Abduləli qızı Əliyevanı “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov öldürüb. Şikayətçi ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova da müraciət edərək məsələnin ciddi şəkildə araşdırılmasını xahiş edib.

Şikayətçi deyir ki, 17 avqust 2023-cü il tarixində Bakı şəhərində yerləşən “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov ehtiyatsızlıqdan anası Raya Abduləli qızı Əliyevanı öldürüb: “Belə ki, həkim Zaur Ramixanov məni və yaxın qohumlarımı aldadaraq xəstəyə narkoz verilməyəcəyini, 40 dəqiqə müddətində yüksək səviyyədə cərrahi əməliyyat edəcəyini, ölüm və digər təhlükəli hal olmadığını deyib, bizi inandıraraq, əməliyyat üçün razılıq alıb, istədiyi pulu ödəniş etməyimə nail oldu. Bundan sonra Zaur həkim xəstənin yaşı və keçirdiyi xəstəlikləri nəzərə almadan ona narkoz verib, əməliyyata götürdü və nəticədə xəstə vəfat etdi. Xəstənin vəziyyəti pisləşdiyi ərəfədə digər xəstəxanalardan dəvət etdiyim təcrübəli həkimlər xəstəni müayinə edərək, ona verilmiş prafol dərmanından və ya cərrahiyyə alətlərinin natəmizliyindən xəstəyə mikrob düşməsi nəticəsində onun ildırım sürətli sepsis (zəhərlənmə) keçirdiyini, xəstənin əvvəlcədən düzgün müayinə edilməməsi və digər halların nəzərə alınmadığını, ümumiyyətlə, onun əməliyyat olunmasının düzgün olmadığını dedilər. Bütün bunları həkim Zaur Ramixanova irad bildirdilər. Xəstə ildırım surətli sepsis keçirdiyi üçün artıq onu həyata qaytarmaq mümkün olmadı və bu səbəbdən vəfat etdi”.

Şikayətçi deyir ki, “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov pul əldə etmək üçün onları aldadıb: “Anamı düzgün cərrahi əməliyyat etmədi və nəticədə onun ölümünə bais oldu. Xahiş edirəm ki, bu fakt ciddi şəkildə araşdırılmaqla məsul şəxslər cəzalandırılsın”.

dcdcdcdcc.jpeg (55 KB)

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Zaur Ramixanovla əlaqə saxlayıb və ona yönəlik iddialara müansibətini öyrənib.

Zaur Ramixanov deyib ki, xəstənin ölümündə onun günahı yoxdur: “Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim. Anestezeoloq xəstəni əməliyyata hazırlayanda aşağı təzyiqini nəzərə alıb və mənə deməmiş ümumi anesteziya verib. Mən əməliyyat etmişəm, əməliyyatdan sonra xəstənin ağrıları keçib. Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim, anestezioloq isə özbaşına ona ümumi anesteziya verib və nəticədə ölüm baş verib”.

Zaur Ramixanov deyib ki, anestezioloq özü müstəqil qərar verdiyinə görə baş vermiş hadisənin məsuliyyəti də onun üzərindədir.