Hafiz Hacıyev Röyadan danışdı

 

22

“Amma ona elə bir dəstək vermirəm”.

Siyasi mövqeyindən asılı olmayaraq hər bir jurnalisti özümə dost bilirəm. Hətta, bəzi jurnalistlər məni söyüb təhqir etsə belə, mən mətbuat nümayəndələrinin suallarından heç zaman qaçmaram.

XALQ.AZ  xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev bildirib.

Gündəlik həyat tərzi barədə danışan H.Hacıyev deyib:

“Mən idmanı çox sevirəm. Bu gün də idmanla məşğul oluram. Mən öz sağlamlığım naminə hər səhər qaçıram. Hətta, uşaq vaxtlarında boks idmanı ilə məşğul olmuşam. İndi isə bəzən futbol oynayıram, bəzən də digər idman növləri ilə məşğul oluram”.

H.Hacıyev boks idmanı ilə məşğul olan adam kimi bir neçə müxalifət liderlərini də rinqə dəvət edib:

“Doğrudur, indi müxalifətdə mənim zərbələrimə tab gətirə biləcək elə bir adam yoxdur. Mən hər zaman İsa Qəmbəri, Əli Kərimlini və digərlərini nokauta salmışam və neçə illərdir ki, ayağa qalxa bilmirlər. Sonuncu adam Cəmil Həsənli idi, onu da nokauta saldım, çıxdı getdi. İndi hey istəyir ki, ayağa qalxsın, amma qalxa bilmir. İndi mən onlara yenə müraciət edib deyirəm ki, əgər hansının hünəri çatırsa, buyurub gəlib mənimlə rinqə çıxsın. Mən onların hər biri ilə xalqın gözü qarşısında rinqə çıxmağa hazıram”.

H.Hacıyev ən çox bəyənib sevdiyi incəsənət və şou-biznes nümayəndələrinin də adını açıqlayıb:

“Müğənnilər arasında ən çox sevib bəyəndiyim şəxslərdən biri Zeynəb Xanlarova olub. O, Azərbaycanın korifey sənətkarlarından biridir. Gənc müğənnilərdən isə çoxunu tanımıram. Amma son vaxtlar bəzi gənc müğənnilərə dəstək oluram. Hesab edirəm ki, sənəti olan gənc müğənnilərə hörmət etmək lazımdır. Çünki onlar gələcəkdə öz səsləri və sənətləri ilə daha da populyar ola bilərlər. Elə gənc müğənni var ki, onun sənətini çox bəyənirəm. Səsindən xoşum gələn müğənnilər var. Amma ad çəkmək istəmirəm. Çünki sonra bəzi adamlar məni lağa qoyub deyəcəklər ki, Hafiz Hacıyev də müğənni saxlayır və sairə. Sevdiyim müğənninin adını çəksəm, qalmaqal olar. Ona görə də ad çəkməyəcəm. Açığı deyim ki, müğənni Röyanın da səsi çox xoşuma gəlir. Amma ona elə bir dəstək vermirəm. Onsuz da o çox populyardır”.