Yeni futbol klubu yarandı

 

35

Bakıda yeni yaradılmış “Zirə” Peşəkar Futbol Klubunun geniş ictimaiyyətə təqdimatı mərasimi keçirilib.

XALQ.AZ-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan klubun təsisçisi, “Azfar Group”un rəhbəri Tural Əliyev ilk öncə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində bir sıra idman növləri üzrə əldə edilmiş yüksək nailiyyətlər təbii ki, hər bir azərbaycanlını sevindirir. Ölkəmizdə ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Məmnunluq hissi ilə qeyd edirəm ki, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Məhz bu məqsədləri rəhbər tutaraq cari ildə “Zirə” Futbol Klubunun yaradılması barədə qərar verilib”.

T.Əliyev bildirib ki, Bakı ətrafı qəsəbələrdə, o cümlədən, Zirədə yaşayan gənclərdə futbola olan marağın yüksək olması, habelə Zirədə yeni idman infrastrukturunun mövcudluğu imkan verdi ki, klub məhz “Zirə” adlandırılsın: “Belə ki, Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə Zirə qəsəbəsində müasir, beynəlxalq standartlara uyğun idman kompleksi inşa edilmişdir və buna görə, habelə idmanın inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Fondun prezidenti, Xəzər rayonundan millət vəkili seçilən Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk”.

T.Əliyev eyni zamanda, klubun yaradılmasında göstərilmiş təşkilati dəstəyə görə başda AFFA-nın prezidenti Rövnəq Abdullayev olmaqla, AFFA-nın baş katibi Elxan Məmmədova, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə təşəkkürünü bildirib: “Klubun baş sponsoru qismində “Kapital Bank”, o cümlədən digər sponsorlar qismində “Santral Elektrik”, “Azfar Group” və “Honda” şirkəti çıxış edir və biz bu dəstəyə görə həmin təşkilatlara da təşəkkür edirik. Məmnunluq hissi ilə qeyd edirəm ki, qısa vaxt ərzində fəaliyyətə başlamasına baxmayaraq, komanda artıq bir neçə uğurlara imza atıb”.

T.Əliyevin sözlərinə görə, hazırda I divizionun debütantı olan “Zirə” Futbol Klubunun yaxın dövr ərzində hədəfi Premyer Liqada təmsil olunmaqdır: “Uzunmüddətli dövr ərzində isə qeyd etmək lazımdır ki, yüksək nailiyyətlər əldə etmək, futbolun inkişafına töhfə vermək və ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək klubun əsas hədəfidir. Əminik ki, “Zirə” Futbol Klubu ona göstərilən etimadı doğrulmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi, ölkə futbolunun inkişaf səviyyəsinin yüksəldilməsi, peşəkar futbolçuların hazırlanması istiqamətində xidmətlər göstərəcək və bu prosesdə yaxından iştirak edəcəkdir”.

Daha sonra çıxış edən klubun prezidenti Vüqar Astanov da ilk öncə Azərbaycanda dövlətin futbolun inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

V.Astanov bildirib ki, bu gün Azərbaycanda futbola böyük dövlət qayğısı mövcuddur: “Bildiyiniz kimi, futbola dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb”.

V.Astanov vurğulayıb ki, “Zirə” Peşəkar Futbol Klubunun yaradılmasında da məqsəd Azərbaycanda futbolun inkişafına öz töhfəsini verməkdir.

Onun sözlərinə görə, klub Azərbaycan futbolunun dünya miqyasında tanıdılmasına yardımçı olmaq niyyətindədir: “Bunun üçün futbol klubunun infrastrukturu yaradılır. Gələcəkdə uşaq futbol akademiyasının yaradılması istiqamətində də işlərə başlanılıb”.

Klubun prezidenti onu da əlavə edib ki, “Zirə” klubu əsasən yerli futbolçulardan formalaşdırılıb: “Artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişik. Klubun öz stadionu, bazası var, fanklubunu formalaşdırılıb. Öz bayrağı və emblemi var. Hər işimizə peşəkar yanaşırıq. I divizionda öz iddiamızı göstərib Premyer Liqaya yüksəlmək istəyirik”.

Klubun yaradılması barədə danışan V.Astanov bildirib ki, komanda formalaşanda 100-dən çox oyunçu məşqlərə dəvət edilərək, baxışdan keçib və ən yaxşı 22 futbolçu seçilib.

V.Astanov onu da əlavə edib ki, Klubun büdcəsi hazırdır və burada mövsümlük bütün xərclər nəzərdə tutulub: “Ümumiyyətlə, “Zirə”də maliyyə sarıdan durum normaldır və qarşıdakı aylarda heç bir çətinliklərlə üzləşməyəcəkləri birmənalıdır. Futbolçular gündə 3 dəfə yüksək kalorili yeməklə təmin olunub”.

Onun sözlərinə görə, iyulun 1-dən məşqlərə başlayan “Zirə”nin hazırlıq prosesi qaydasında gedir. Çempionata hazırlığın son mərhələsi Şamaxıda olub, “Zirə” yoxlama görüşləri keçirib: “Bir sözlə, komanda layiqli mübarizə aparmağa hazırdır”.

Daha sonra baş məşqçisi Bəhram Şahquliyev komandanın hazırlığı barədə danışıb. O qeyd edib ki, futbolçular bütün peşəkar qaydalara əməl olunmaqla seçilib. B.Şahquliyev vurğulayıb ki, klubun yarandığı 2 ay ərzində böyük işlər görülüb: “Futbolçuların qarşısında duran problemlər, yəni nəqliyyat, qalmaq və qidalanmaq problemləri həll edilib. Bizim məqsədimiz sağlam və peşəkar bir komanda yaratmaq və Premyer Liqada birinci olmaqdır. Biz öz qələbələrimizlə bunu sübut edəcəyik”.

Sonda komandanın idman forması, klubun bayrağı və emblemi təqdim edilib.