Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir -DEPUTAT

Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir: “Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb.

Bildiyimiz kimi, Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk etdilər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsi ilə bərabər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik”.