“Heydər Əliyev Azərbaycanın böyük tarixini yaratmış şəxsiyyət və böyük Liderdir” – Azər Badamov

Tarix şəxsiyyəti yaratmır, şəxsiyyət tarix yaradır. Ulu Öndər Heydər Əliyev də Azərbaycanın böyük tarixini yaratmış və unudulmaz iz buraxmış şəxsiyyət və böyük Liderdir. 

Ümummili Lider Heydər Əliyev bütün həyatını xalqına, vətəninə həsr etmişdir.  Bu tarixi şəxsiyyətin yeganə amalı Azərbaycanı müstəqil, suverenliyi təmin olunmuş və firavan görmək idi. Ulu Öndərin taleyinə də sanki  xalqının və Vətəninin ağır günlərində rəhbərliyə gəlmək yazılmışdı. Sovetlər dönəmində Azərbaycanın çətin günündə rəhbər seçilən Heydər Əliyev respublikanı qısa zaman kəsiyində dirçəldə və ittifaq miqyasında aparıcı respublikaya çevirə bilmişdir. Ümummilli Lider hər bir işi ürəkdən görürdü və bilirdi ki, onun missiyası xalqın taleyi ilə bağlıdır.

Hələ sovetlər dönəmində Azərbaycanın gələcəkdə müstəqilliyinə qovuşacağını bilən dahi Lider xalqımızın milli-mənəvi dəyərlərini qoruya bilmişdir. Sovet ideologiyasının hökm sürdüyü cəmiyyətdə milli ideologiyaların inkişaf etdirilməsinə icazə verilməsə də, Heydər Əliyev bütün sədləri aşa bilir və xalqın milli maraqlarını hər şeydən üstün tuturdu. Məhz 1978-ci ildə Azərbaycan SSR-i Konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi qeyd etməsi heç də asan məsələ deyildi. Ümummilli Lider Heydər Əliyevin təkidi və qətiyyətli iradəsi sayəsində Azərbaycan dili dövlət dili kimi istifadə edilməyə başlandı. Həmin dövrlərdə milli kadrların yetişdirilməsi də Ulu Öndərin təşəbbüsü idi. Bunun nəticəsində Azərbaycanda hərbi məktəb açıldı, üstəlik, gənclər ittifaqın aparıcı universitetlərinə oxumağa göndərilirdi.

1982-ci ildə Azərbaycan Respublikasına səfərə gələn Sov.İKP MK-nın baş katibi Leonid İliç Brejnev Azərbaycanın qısa zaman kəsiyində keçdiyi inkişaf yolunu görərək heyran qalır və “Azərbaycan iri addımlarla irəliləyir” şüarını səsləndirmişdir. Azərbaycanı bu inkişafa qovuşduran Heydər Əliyev idi.

Heydər Əliyev Moskvaya, Sov.İKP MK-nın Siyasi Bürosuna üzv və SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə dəvət olunur. Leonid Brejnev bilirdi ki, Heydər Əliyevi SSRİ rəhbərliyinə gətirməklə böyük işlər görmək mümkün olacaqdı. Ona görə də ittifaq miqyasında ən çətin layihələrin icrasına nəzarət  Heydər Əliyevə tapşırılmışdı.

Heydər Əliyev rəhbərlikdə olduğu illərdə Azərbaycanı bütün təhlükələrdən qoruyurdu. Başımıza gələn faciələr yalnız Ulu Öndərin hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş verdi. Belə ki, 1980-ci illərin sonlarında Qərbi Azərbaycandan 300 min azərbaycanlı güc yolu ilə öz ata yurdlarından deportasiya olundular.  1990-cı ildə erməni haqsızlıqlarına göz yumduqlarına görə sovet hökumətinə etirazını bildirməklə azadlıq mübarizəsinə qalxmış xalqımızı susdurmaq üçün təpədən-dırnağa qədər silahlanmış qoşunlar göndərilərək əliyalın insanları gülləbaran etdilər. Bu haqsızlığa dözə bilməyən Ulu Öndər Heydər Əliyev Moskvadakı nümayəndəliyimizə gələrək öz etirazını bildirdi və baş vermiş cinayətə hüquqi qiymətin verilməsini tələb etdi.
1990-cı illərin əvvəllərində keçmiş Dağlıq Qarabağda separatizm baş qaldırdı, ermənilərin təşkilatçılığı ilə Sumqayıt hadisələri törədildi. Beləliklə, ermənilər daha da azğınlaşmağa başladılar və Azərbaycandan ayrılmaqla bağlı sərsəm iddialarını ortaya qoydular. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi absurd istəklərini həyata keçirmək üçün sovet hərb maşınından istifadə edərək torpaqlarımızı işğal etməyə, soyqırımlar törətməklə azərbaycanlıları öz doğma yurdlarından çıxartmağa məcbur etdilər. Həmin dövrdə ölkə daxilində hakimiyyət davası gərginləşir və ikinci dəfə qovuşduğumuz müstəqillik böyük təhlükə ilə üzləşirdi. Ölkəni düşdüyü bu dramatik vəziyyətdən ancaq böyük Lider Heydər Əliyev xilas edə bilərdi. Bunu yaxşı bilən ziyalılarımız xalqın adından Ümummilli Liderə müraciət məktubu göndərdilər. Ümummilli Lider Heydər Əliyev də ağır vəziyyəti görürdü. Ona görə də Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaq qərarı verdi və nəticədə tarixi bir missiyanı yerinə yetirdi, ölkəni xilas etdi.

O dövrdə həyata keçirilən islahatların müəllifi də Ulu Öndər Heydər Əliyev idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu Konstitusiya Azərbaycanın bütün vətəndaşlarına eyni hüquqlar təmin etməklə demokratik cəmiyyətin yaranmasının hüquqi bazasına çevrildi. Ulu Öndərin  hakimiyyətdə olduğu illər sabitliyi və inkişafı ilə seçilir. Ümummilli Liderin başa çatdıra bilmədiyi ən böyük arzusunu,  torpaqlarımızın erməni işğalından azad edilməsini isə Prezident İlham Əliyev reallaşdırdı.

İndiki və gələcək nəsillərin Ulu Öndər Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında ən böyük müqəddəs borcu onun şah əsəri olan Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, milli birlik və həmrəyliyi daha da möhkəmləndirmək və böyük amallar uğrunda çalışmaqdır. Xalqımız Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun siyasi kursunu uğurla davam etdirməklə Azərbaycanı daha böyük zirvələrə ucaldır.
İndi Azərbaycan Ulu Öndərin görmək istədiyi güclü ölkədir. Bu gün cismən yanımızda olmayan dahi Lider Heydər Əliyev mənən hər zaman yanımızda olacaq. Ümummilli Liderin ideyaları Azərbaycanı daha böyük gələcəyə aparacaq. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq!

Azər BADAMOV,
Milli Məclisin deputatı